YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Azərbaycan dövləti demokratik seçkilər keçirmək ənənəsinə və iradəsinə sahibdir

“Azərbaycan dövləti demokratik seçkilər keçirmək ənənəsinə və iradəsinə sahibdir”. Bu fikri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, bu günə qədər ölkəmizdə keçirilən seçkilər demokratik prinsiplərə və seçki qanunvericiliyinin tələblərinə əsaslanmaqla xalqımızın siyasi iradəsini dolğun şəkildə əks etdirib. Onun sözlərinə görə, aprelin 11-də keçiriləcək prezident seçkiləri də bu baxımdan istisna olmayacaq.

Azərbaycanda seçkilərin demokratik, azad və şəffaf şəkildə baş tutması üçün əlverişli şəraitin yaradıldığını deyən deputat söyləyib ki, seçkinin keçirilməsinə məsul olan qurumlar lazımi hazırlıq işlərini uğurla həyata keçirir, bütün texniki məsələlər həllini tapıb, müvafiq seçki komissiyalarının maddi-texniki təminatı gücləndirilib.

“Seçkilərdə iştirak edəcək namizədlərə bərabər, rəqabət mühitinin yaradılması, geniş təbliğat, təşviqat imkanlarının olması prezident seçkilərinin azad və ədalətli  keçiriləcəyinə əminlik yaradır. Bunlarla yanaşı, prezident seçkilərinə ictimai marağın, seçicilərin böyük diqqətinin olması xalqımızın bu seçkilərin Azərbaycanın inkişafı tarixində əhəmiyyətini yüksək qiymətləndirdiyini göstərir. Hazırda prezident seçkiləri ilə əlaqədar xalqımızın əhval-ruhiyyəsi olduqca yüksəkdir. Şübhə etmirik ki, Azərbaycan dövləti və xalqımız aprelin 11-də keçiriləcək prezident seçkilərini yüksək səviyyədə başa vuracaq”-deyə, deputat vurğulayıb.