YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev Gürcüstanın Baş naziri ilə görüşüb

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Gürcüstana səfəri zamanı bu ölkənin Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Giorgi Kvirikaşvili Gürcüstan-Azərbaycan əlaqələrinin inkişaf etdiyini, ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. O qeyd edib ki, enerji və nəqliyyat sahələrində birgə irimiqyaslı layihələr həyata keçirilir və bu layihələr iştirakçı ölkələrə böyük fayda gətirir.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev qonşu Gürcüstanla əməkdaşlığın inkişafını qeyd edərək, yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əməkdaşlığın genişlənməsində xüsusi əhəmiyyətini diqqətə çatdırıb.

Ölkələrimizin iqtisadi-ticarət, investisiya, turizm, sosial və sair sahələrdə əməkdaşlığını qeyd edən Ş.Mustafayev nəqliyyat-tranzit və yükdaşımalar sahəsində əlaqələrin genişləndiyini, Azərbaycanda yaradılmış əlverişli infrastrukturun yük daşımalarının daha da artırılmasına, nəqliyyat-tranzit sahəsində əlaqələrin inkişafına geniş imkanlar yaratdığını vurğulayıb.

Bu sahədə Bakı-Tbilisi-Qars dəmir yolunun önəmini vurğulayan nazir layihənin yükdaşıma sahəsi ilə yanaşı, sərnişindaşıma və turizmin inkişafında da əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığının, nəqliyyat-tranzit sahəsində əlaqələrin genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.