YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Jewish Journal” nəşrində “Holokostu xatırlayarkən: Azərbaycan haqqında düşüncələr” sərlövhəli məqalə dərc edilib

Amerikada çıxan “Jewish Journal” qəzetində Azərbaycan Dağ Yəhudiləri İcmasının başçısı Milix Yevdayevin “Holokostu xatırlayarkən: Azərbaycan haqqında düşüncələr” sərlövhəli məqaləsi dərc edilib.

Müəllif yanvarın 27-sinin Holokost qurbanlarının Beynəlxalq Anım Günü olmasını vurğulayaraq yazır ki, Holokost və İkinci Dünya müharibəsi bəşəriyyət tarixində çox böyük faciədir.

M.Yevdayevin sözlərinə görə, İkinci Dünya müharibəsi dövründə Azərbaycanın orta hesabla hər altı sakinindən biri nasistlərə qarşı vuruşlarda həlak olub, o cümlədən 400 minə yaxın azərbaycanlı nasizmin qurbanı olub. Həmişə tolerantlıq mərkəzi kimi fərqlənən Azərbaycan Ikinci Dünya müharibəsi dövründə yəhudilərə sığınacaq verib. Hitler Azərbaycanın zəngin təbii ehtiyatlarını, xüsusən neft və qaz yataqlarını ələ keçirmək üçün Bakını tutmaq istəyirdi. Ona görə də Hitlerin bu niyyətini həyata keçirə bilməməsi üçün böyük səylər sayəsində Stalinqradda nasistlərin yolu kəsildi.

Yevdayev Holokost qurbanlarını yad etməklə bərabər Azərbaycanın Xocalı şəhərindən olan məcburi köçkün Anar Usubov haqqında da yazır. Azərbaycan Yəhudilər İcmasının başçısı qeyd edir ki, Anarın mənsub olduğu böyük ailənin 25 üzvü 1992-ci il Xocalı qırğını zamanı erməni silahlıları tərəfindən vəhşicəsinə qətlə yetirilib. Müəllif yazır ki, Anarın babası Şahhüseyn Holokost zamanı neçə-neçə yəhudini xilas etmiş qəhrəman olub. Usubovlar azərbaycanlı, müsəlmandırlar. Bu fakt yəhudiləri ölümün pəncəsindən xilas etmiş Şahhüseyn qəhrəmancasına hərəkətlərində xüsusi rol oynayıb. Şahhüseyn sovet hərbi əsiri kimi Osventsim cəza düşərgəsində saxlanılırdı. Onun düşərgəyə gətirildiyi gün orada dəhşətli bir seçim aparılırdı: yəhudiləri qırmaq üçün başqalarından ayırırdılar. Şahhüseyn başa düşdü ki, nasistlər yəhudiləri müsəlmanlardan ayırmaq məqsədlə Quran ayələrini əzbər demələrini tələb edirdilər. Şahhüseyn yəhudiləri xilas etmək məqsədilə qısa müddətdə onlara Quran ayələri öyrədir. Bir müddətdən sonra nasistlər Şahhüseyn bu planını başa düşür və onu döyərək ölümcül vəziyyətə salırlar. Məhz bu insanın mərdliyi sayəsində həmin gün Osventsimdəki yəhudilərin çoxu salamat qalır.

Müəllif sonda yazır ki, Azərbaycanda Şahhüseyn kimi insanlar çoxdur, bu ölkədə yəhudiləri əsrlər boyu müdafiə ediblər.