YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəhruz Quliyev: İstənilən ciddi sorğu mərkəzlərinin hesabatlarında biz Azərbaycanın bütün sahələrdə irəliləməsinin şahidi oluruq

“Prezident İlham Əliyevin Davos İqtisadi Forumu çərçivəsində irəli sürdüyü əhəmiyyətli fikirlərdən biri də media və söz azadlığının mövcudluğu, eləcə də Azərbaycanın maraqlarına qarşı çıxış edən müəyyən xarici dairələrin cəhdləri ətrafında oldu ki, bu da özündə bir sıra mühüm məqamları ehtiva etməkdədir”. Bu fikirləri «Səs» qəzetinin baş redaktoru  Bəhruz Quliyev deyib.

B.Quliyev bildirib ki, Prezident İlham Əliyev jurnalistlərin suallarını cavablandırarkən fikirləri məhz bu faktor üzərinə yönəldərək, ölkəmizdə bütün hüquqların tam şəkildə qorunduğunu vurğulayıb: “Təəssüf ki, bir sıra qərbyönümlü təşkilatlar və media ilə bağlı olan beynəlxalq qurumlar ölkəmizdəki real vəziyyəti sağlam baxışla görmürlər, ya da görmək istəmirlər. Məhz dövlət başçımız onların qarşısına dolğun, arqumentli sübutlar qoydu ki, bu sübutlar tam mənada özünü əks etdirməkdədir. “Azərbaycanda media tamamilə azaddır” - deyə vurğulayan dövlət başçısı panel müzakirəsində onu da xatırladıb ki, ölkə əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. Beləliklə, bir halda ki, Azərbaycanda internet heç bir senzura, müdaxilə olmadan azad şəkildə fəaliyyət göstərirsə, ölkə əhalisinin böyük hissəsi internet istifadəçisidirsə, demək, medianın fəaliyyətində, ümumiyyətlə, məhdudiyyətdən danışmaq qeyri-mümkündür”.
B. Quliyev əlavə edib ki, istənilən ciddi sorğu mərkəzlərinin hesabatlarında biz Azərbaycanın, demək olar ki, bütün sahələrdə irəliləməsinin şahidi oluruq: “Diqqət edin, Azərbaycan digər müstəqil ölkələrdən fərqli olaraq, daha dinamik fəaliyyəti ilə yanaşı, həm də milli maraqlar kontekstindən çıxış edir və bu, söz yox ki, bəzi dairələri ciddi şəkildə narahat edir. Ölkə başçımız bu nöqteyi-nəzərdən Qərb qurumlarının münbit reallığı həzm edə bilmədiklərini vurğulayıb. O qeyd edib ki, ölkəmizlə bağlı bəzi qərəzli reytinqləri də məhz həmin qurumlar müxtəlif vasitələrlə ictimailəşdirməyə cəhdlər göstərirlər. Əlbəttə ki, burada həmin dairələrlə əlbir olan və özlərini müxalifətçi, QHT rəhbəri, hüquqşünas adlandıran toplum da mövcuddur ki, bu və ya digər şəkildə həmin qərəzlərin yayılmasında canfəşanlıq göstərirlər. Ancaq söz yox ki, belə cəhdlərin heç biri nə onların, nə də onlarla əlbir olanların istədikləri nəticəni vermir, verə də bilməz. Belə ki, ortada reallıq mövcuddur: Azərbaycan milli maraqlarına uyğun müstəqil siyasət həyata keçirir, siyasi inkişaf iqtisadi inkişafla yanaşı tərəqqi edir. Əbəs deyil ki, Dünya İqtisadi Forumunun növbəti açıqlamasında Azərbaycanın iqtisadi rəqabətə davamlılığına görə 35-ci yerdə qərarlaşdığı xüsusilə vurğulanıb. Cənab İlham Əliyev də bununla bağlı bildirib ki, bu, yaxşı göstəricidir və bir daha nümayiş etdirir ki, Azərbaycan azad ölkədir”.