YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüsal Hüseynov: Tutduğu vəzifəsindən asılı olmayaraq, cinayətkar, uşaq qatili elə cinayətkar adlandırılmalıdır

Silahlı münaqişə və müharibə zamanı uşaqlar ən həssas qruplardır. Onlar kütləvi ölüm, insan alveri, cinsi istismar və digər zorakılıqlara məruz qalırlar. Uşaqların reabilitasiyası, onlara dəstək verilməsi və hərbi münaqişələrdə iştirakının qarşısının alınması ilə bağlı çoxsaylı beynəlxalq sənədlər var. Bu sahədə ciddi narahatlıqlar hələ də qalmaqdadır. Ona görə də beynəlxalq sənədlərin icrasına nəzarət gücləndirilməli, boşluqlar aradan qaldırılmalıdır.

Bu fikirləri AŞPA-nın sessiyasında “Silahlı münaqişələrdə uşaqların müdafiəsi” adlı məruzə ilə bağlı müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Vüsal Hüseynov söyləyib.

“Beynəlxalq humanitar hüququn əsas prinsiplərindən biri fərqqoyma prinsipidir. Mülki şəxslərlə döyüşən şəxslər arasında fərq qoyulmalı və bütün hücumlar hərbi qüvvələrə yönəlməlidir. Təəssüf ki, bu gün biz hələ də hücumların məqsədli şəkildə mülki şəxslərə yönəldiyini müşahidə edirik”, - deyə V.Hüseynov vurğulayıb.

Milli Məclisin deputatı bildirib ki, hesabatda bu həssas məqamlar daha geniş verilməli idi. Keçən il yayda Ermənistan silahlı qüvvələri tərəfindən məqsədli olaraq Azərbaycanın mülki əhalisinə artilleriya atəşi açılıb və nəticədə mülki əhali zərər çəkib. İki yaşlı azərbaycanlı körpə və onun nənəsi həlak olub. Ermənistan bir sıra beynəlxalq sənədlərə imza atıb. Ancaq bu cinayətin araşdırılması ilə bağlı heç bir tədbir görülmədi.

“Dünən burada Ermənistan prezidentinə yer verdik. Ancaq biz bilməliyik ki, özü mülki insanların qətlində iştirak etmiş və bunu açıq şəkildə bəyan etmiş şəxsə bu münasibəti göstərməklə ertəsi gün yenə burada münaqişələrdə zorakılığa məruz qalan uşaqların hüquqlarını müdafiə etmək istəyimiz üst-üstə düşmür”, - deyə V.Hüseynov vurğulayıb. Deputat qeyd edib ki, Ermənistan prezidenti Azərbaycanın işğal edilmiş Xocalı şəhərində törədilmiş cinayətlərdə birbaşa iştirak edib. Özü elə burada çıxışı zamanı söylədi ki, hərbi əməliyyatlarda komandir olub.

Xocalı soyqırımının bir sıra ölkələrin qanunverici orqanları və beynəlxalq təşkilatlar tərəfindən tanındığını diqqətə çatdıran deputat deyib: “Son vaxtlar hamı Avropa Şurasının nüfuzunu itirməsindən, ona etimadın azalmasından danışır. Hesab edirəm bunun əsas səbəbi qurumun qətnamələrinin, qərarlarının həyata keçirilməsinə biganə yanaşmadır. Tutduğu vəzifəsindən asılı olmayaraq, cinayətkarı, uşaq qatilini elə cinayətkar adlandırmalıyıq. Belə məsələlərdə həmrəylik göstərməklə ümumi problemlərin həllində irəliləyə bilərik”, - deyə V.Hüseynov bildirib.