YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zahid Oruc: Davos İqtisadi Forumu Azərbaycanın iqtisadi-siyasi maraqları baxımından böyük imkanlar açır

«Davosda keçirilən Dünya İqtisadi  Forumu beynəlxalq aləmdə uzun illər nəinki iqtisadi, həmçinin siyasi müstəvidə dövlətlərin elitasında əsas baxışları, aparıcı iqtisadi tendensiyaları müəyyənləşdirmək üçün böyük imkandır. Son 100 il ərzində  siyasi transformasiyalar dəyişib, artıq dördüncü sənaye inqilabından söhbət gedir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, Forumda müzakirələr dünyanın beyin mərkəzlərinin, siyasi instiututların, elm mərkəzlərinin, əsas iqtisadi korporasiyaların nümayəndələrinin iştirakı ilə baş verir. Onun sözlərinə görə, Prezident İlham Əliyev hər il Davos Forumunda iştirak etməklə  Azərbaycanın uğurlarını dünyaya çatdırır. Bununla da, biz ilk növbədə Azərbaycanın beynəlxalq aləmdə təqdimatının şahidi oluruq.

«Bilirsiniz ki, Forumda iştirak edən minlərlə media təmsilçisi aparıcı çıxışları işıqlandırırlar. Prezident  İlham Əliyev bu tədbirlərdə sadəcə çıxışlar etmir, həmçinin iqtisadiyyatımızın daha da inkişaf etdirilməsi, yeni investisiyaların cəlb olunması üçün beynəlxalq  korporasiyaların rəhbərləri ilə görüşlər keçirir. Bu  görüşlər ölkədə sənayeləşmə prosesinə təsir göstərə biləcək bir addımlardır ki, nəticə etibarilə iqtisadiyyatın şaxələndirilməsinə xidmət edir. Prezident İlham Əliyev Forum çərçivəsində dövlət və hökumət başçıları ilə də görüşür və qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunur. Məlumdur ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Ölkələr bu  təbii sərvətdən necə istifadə edir? Bu mövzuda biz cənab Prezidentin Forumda   mükəmməl çıxışının şahidi olduq. Davos Forumu timsalında Azərbaycan ona görə güclüdür ki, ölkəmiz bölgəsəl düzəni dəyişən transmilli layihələrə müəlliflik edir. Orta Asiya, Xəzər regionunda reallaşan layihələrdə Azərbaycan aparıcı rol oynayır. Bütövlükdə, Davos İqtisadi Forumu  Azərbaycanın iqtisadi-siyasi maraqları baxımından çox böyük imkanlar açır. Dövlətimiz Forumda fəal təmsil olunmaqla  iqtisadi və siyasi dividentlər qazanır»-deyə, Z.Oruc qeyd edib.