YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

2017-ci ildə əmək və sosial müdafiə sahələri üzrə e-xidmətlərə 9 milyon 340 min 808 dəfə müraciət edilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə elektron xidmətlər şəbəkəsi əhalinin bu sahələr üzrə dövlət xidmətlərindən real vaxt rejimində, çevik və şəffaf şəkildə istifadəsinə şərait yaradıb. Bu da həmin e-xidmətlərə müraciətlərin ötən il ərzində də artmaqda davam etməsini şərtləndirib. Məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Belə ki, 2017-ci il ərzində nazirliyin e-xidmətlərinə əvvəlki illə müqayisədə 42,6 faiz  çox olmaqla  9 milyon 340 min 808 dəfə müraciət edilib və bu göstərici ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2017-ci ildə “Elektron Hökumət” portalında e-xidmətlərinə ən çox müraciət edilən qurum olub. Ötən il portala müraciətlərin 40,6 faizini məhz əmək və sosial müdafiə sahələri üzrə e-xidmətlərə yönələn müraciətlər təşkil edib.

2017-ci ildə nazirliyin “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” e-xidməti yüksək istifadə göstəricisi ilə seçilən e-xidmətlərdən olub. Keçən il bu e-xidmətə 1 053 700 dəfə müraciətin qeydə alınması onun ictimai əhəmiyyətindən, sığortaedənlərin maraq dairəsində olmasından xəbər verir. Həmçinin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” (2 825 065 müraciət), “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” (526 272 müraciət), “Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” (481 915 müraciət), “İş yerinə dair arayış” (337 749 müraciət), “Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” (297 939 müraciət), “Sığortaolunanın onlayn uçota alınması” (256 709 müraciət) və s. e-xidmətləri geniş istifadə olunan e-xidmətlər sırasında olublar. 

“Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”,  “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”, “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”,  “Sığortaolunanlara məlumatların verilməsi” və digər e-xidmətlərə də 2017-ci il ərzində böyük maraq müşahidə edilib.

Ümumilikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30-a yaxın elektron xidməti vətəndaşların istifadəsindədir. Qarşıdakı dövrdə nazirliyin fəaliyyət sahələri üzrə yeni avtomatlaşdırılmış sistemlərin yaradılması nəzərdə tutulur ki, bu da  göstərilən  e-xidmətlərin sayının daha da artmasına imkan verəcək.