YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi yüksək səviyyədə hazırlanıb

«Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi yüksək səviyyədə hazırlanıb». Bu fikri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri  Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclası zamanı deyib.

S.Novruzov bildirib ki, silahlı qüvvələr haqqında danışarkən beynəlxalq təcrübəyə əsaslanmaq, dünyada baş verənləri və ölkəmizin indiki vəziyyətini nəzərə almalıyıq. Biz elə bir qanun qəbul etməliyik ki, bu qanun hazırki standartlara cavab versin. Silahlı Qüvvələrə ictimai nəzarətlə bağlı təkliflərə münasibət bildirən millət vəkili deyib ki, silahlı qüvvələr nəzarət Ali Baş Komandan tərəfindən həyata keçirilir: “Hər hansı bir nöqsan baş verdikdə Ali Baş Komandan tərəfindən müvafiq tədbirlər görülür. Belə olan halda, orduya nəzarətin hər hansı qeyri-hökumət təşkilatı tərəfindən edilməsi təklifini irəli sürmək düzgün deyil”.

S.Novruzov qeyd edib ki, bəzən hərbi xidmətə getməyənlər hərbi xidmətdən danışır. Onun fikrincə, hər deyilən təklif qanunda nəzərə alına bilməz: “Orta məktəbi bitən şəxsi yeni silahların idarə edilməsinə cəlb etmək mümkün deyil. Bunun üçün mütəxəssislər orduya müqavilə əsasənda cəlb olunur. Lakin elə ölkələr var ki, orada əsgərlər də müqavilə əsasında xidmət edir. Belə olan halda, onlara nəzarət edilə bilər. Çünki ordu həmin şəxslər üçün iş yeridir, qulluq yeri deyil. Ümumiyyətlə, ordu cəmiyyətə qapalı olmalıdır ki, o öz vəzifəsinin öhdəsindən gələ bilsin”.

Millət vəkili müdafiə nazirinin mülki şəxs olması ilə bağlı səslənən fikirlərə də münasibətini bildirib. Onun sözlərinə görə, müharibə şəraitində olan bir ölkənin müdafiə naziri peşəkar hərbçi olmalıdır: “Bir dəfə riyaziyatçını müdafiə naziri qoydular, gördük nə baş verdi və ölkənin başına nə oyun açdı. Bu baxımdan düşünürəm ki, ordunun başında peşəkar hərbi xidmət şəxs dayanmalıdır. Çünki ölkəmiz müharibə şəraitindədir. Bəzi ölkələrdə müdafiə nazirinin mülki şəxs olması biz də də belə fikirlərin yaranmasına səbəb olub. Amma bu fikirlər real deyil. Mətbuat da Müdafiə Nazirliyinin yaydığı məlumatlardan kənar məlumatları yaymamalıdır”.