YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gündüz İsmayılov: Ölkəmizdəki tolerantlıq mühiti dünyaya nümunədir

Dekabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Xaçmaz Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə keçirilən konfransda “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusu müzakirə olunub.

Tədbirdə ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, şagirdlər, eləcə də rayonun fəal gəncləri iştirak ediblər.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini İlhamə Nəzərova rayondakı mövcud dini durum barədə ətraflı məlumat verib. Çıxışda “İslam Həmrəyliyi İli” çərçivəsində bölgədə həyata keçirilmiş tədbirlərin əhəmiyyətindən danışılıb. Bildirilib ki, müsəlman aləmində baş verən proseslər İslam həmrəyliyini zəruri edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin İslam dünyasının həmrəyliyinə verilən böyük önəmin göstəricisi olduğunu bildirib. Qeyd edib ki, ölkəmizdəki tolerantlıq mühiti dünyaya nümunədir. Respublikamızda nə dini, nə də milli və irqi ayrı-seçkilik müşahidə edilir. Dövlət Komitəsi tərəfindən maarifləndirmə məqsədilə rayon və şəhərlərdə mütəmadi olaraq “dəyirmi masa”ların və konfransların keçirildiyini diqqətə çatdıran sədr müavini bildirib ki, bu tədbirlərin keçirilməsi dövlət-din münasibətlərinin, İslam həmrəyliyinin, ölkəmizin tolerantlıq ənənələrinin qorunması və daha da inkişaf etdirilməsi məqsədi daşıyır.

İdeoloji müstəvidə din sahəsində mövcud olan problemlərdən biri də dini kimliyimizin milli kimliyimizə qarşı qoyulmasıdır. “Dini kimlik” dedikdə İslam, “milli kimlik” dedikdə isə azərbaycançılıq nəzərdə tutulur”, - deyən sədr müavini təəssüflə vurğulayıb ki, bəzi dini qruplar məqsədli şəkildə dini kimliyimizlə milli kimliyimizi qarşı-qarşıya qoyurlar.

Daha sonra Dövlət Komitəsinin dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov dini radikalizmin müasir dövrün ən böyük problemlərindən biri olduğunu bildirib. Onunla mübarizədə maarifçilik işinin təşkilinə xüsusi önəm verilməsinin vacibliyini diqqətə çatdırıb.

Konfrans müzakirələrlə davam etdirilib.