YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vaşinqtonda keçirilən tədbirdə Bakı-Tbilisi-Qars dəmir yolunun strateji əhəmiyyəti vurğulanıb

Noyabrın 14-də Vaşinqtonda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışına həsr olunmuş tədbir keçirilib. Tədbirin əsas məqsədi Azərbaycanın yerləşdiyi regionda həyata keçirilən infrastruktur layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də mövcud biznes və sərmayə imkanları barədə ABŞ-ın ictimai və biznes dairələrinin məlumatlandırılması olub. Digər tərəfdən, tədbir Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələn və 2016-cı ildən etibarən hər il Vaşinqtonda keçirilən Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizləri Forumu çərçivəsində aparılan müzakirələrin davamlılığının təmin olunması və region ölkələri tərəfindən həmin sahələrdə əldə edilən nailiyyətlərin təqdim olunması məqsədi daşıyıb.

Azərbaycan tərəfinin təşəbbüsü və dəstəyi ilə Xəzər Siyasət Mərkəzi tərəfindən təşkil olunan və BP-nin Vaşinqton ofisinin ev sahibliyi ilə keçirilən tədbirdə ABŞ-ın dövlət qurumlarının, akademik təşkilatların, ticarət palatalarının, biznes və siyasi dairələrin, beynəlxalq maliyyə institutlarının və diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Xəzər Siyasət Mərkəzinin icraçı direktoru Əfqan Niftiyev və “BP America Inc.”in kommunikasiya və xarici əlaqələr üzrə birinci vitse-prezidenti Meri Strit tədbirin açılışında çıxış ediblər. Sonra tədbirin moderatoru səfir Riçard Hoqland qonaqları salamlayaraq, müzakirələrin əhəmiyyətini vurğulayıb.

Bakı-Tbilisi-Qars dəmir yoluna həsr olunmuş videoçarxın nümayişindən sonra Azərbaycanın və tədbirdə iştirak edən digər dövlətlərin ABŞ-dakı səfirləri çıxış ediblər.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxışında müasir İpək Yolunun canlandırılmasında mühüm bağlantı olan Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən və onun regional əməkdaşlığın dərinləşməsinə töhfələrindən bəhs edib. Diplomat bu xüsusda oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun Bakıda Azərbaycan və Türkiyə prezidentlərinin, Gürcüstan, Qazaxıstan və Özbəkistan Baş nazirlərinin, habelə Türkmənistanın və Tacikistanın nazirlərinin, digər ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilən rəsmi açılış mərasiminə toxunaraq, bunun tarixi hadisə olduğunu söyləyib. Səfir diqqəti Azərbaycan, Gürcüstan və Türkiyə arasında mövcud strateji əməkdaşlığa yönəldərək, üç ölkənin əvvəlki dövrlərdə enerji sahəsində, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi mühüm əhəmiyyətə malik birgə irimiqyaslı layihələri həyata keçirdiklərini və hazırda Avropanın ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin inşası üzərində işlədiklərini vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin regional tranzit və logistik mərkəzə çevrilməsi sahəsində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətindən danışan səfir 1998-ci ilin sentyabrında ilk dəfə olaraq müasir İpək Yolunun canlandırılmasına həsr olunmuş konfransın ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda keçirildiyini xatırladıb. Bəzi qüvvələrin istər Bakı-Tbilisi-Qars dəmir yolu, istərsə də digər irimiqyaslı layihələrin gələcəyinə inanmadığını qeyd edən diplomat bu layihələrin gerçəkləşməsində əsas amil kimi Azərbaycan rəhbərliyinin siyasi iradəsini və strateji baxışını diqqətə çatdırıb. Eyni zamanda, qardaş Türkiyənin və qonşu Gürcüstanın rəhbərliyinin qarşılıqlı dəstəyi və strateji yanaşmasının əhəmiyyətini vurğulayan səfir son zamanlar həmin layihələrə Mərkəzi Asiya ölkələrinin maraq göstərdiyini və ona qoşulduqlarını qeyd edib.

E.Süleymanov həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin mərkəzində yerləşən Azərbaycanın region ölkələri ilə birlikdə bu dəhlizlərin cəlbediciliyinin artırılması istiqamətində həyata keçirdiyi əməkdaşlıqdan, o cümlədən qonşu ölkələrlə sərhəd-keçid və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsinə dair görülən tədbirlərdən danışıb. E.Süleymanov son dövrlər ölkədə aparılan əsaslı islahatlardan danışarkən “ASAN xidmət”in təcrübəsinin buna yaxşı nümunə olduğunu vurğulayıb. Ölkəmizə əlavə xarici turist axınının təmin olunması məqsədilə bu xidmətin fəaliyyətinin genişləndirildiyi və “ASAN viza”nın təmin edildiyi bildirilib.

Səfir çıxışında, həmçinin Azərbaycanda nəqliyyat sektorunda həyata keçirilən mühüm infrastruktur layihələrindən danışıb. O, ölkəmizin regionun nəqliyyat-logistika qovşağına çevrilməsi istiqamətində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və onun ərazisində təsis ediləcək azad ticarət zonasının oynayacağı roldan bəhs edib. E.Süleymanov Azərbaycan hökumətinin müasir İpək Yolunun canlandırılmasına fəal dəstək verdiyini diqqətə çatdıraraq, bu işdə mövcud infrastruktur layihələri ilə yanaşı, nəqliyyat sahəsinə məsul qurumların, o cümlədən “Azərbaycan Dəmir Yolları”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” və “Silk Way” şirkətlərinin mühüm rolunu vurğulayıb. Azərbaycanın hava nəqliyyatı sahəsində də regionun lider ölkəsinə çevrildiyini deyən diplomat bu baxımdan “Azərbaycan Hava Yolları” və “Silk Way” aviaşirkətlərinin “Boeing” şirkəti ilə əməkdaşlığını xüsusi qeyd edib.

Gürcüstan, Türkiyə, Türkmənistan və Özbəkistanın ABŞ-dakı diplomatik nümayəndəliklərinin rəhbərləri çıxışlarında regionun nəqliyyat və tranzit potensialından tam istifadə olunması sahəsində Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini vurğulayıb, onun qonşu ölkələr, eləcə də regionun digər dövlətləri arasında ticarət əlaqələrinin inkişaf etdirilməsinə və ticarət yollarının şaxələndirilməsinə töhfə verəcəyinə əminliklərini ifadə ediblər. Asiya ilə Avropa arasında yük daşımaları üçün məsafə, vaxt və xərc baxımından daha sərfəli olacaq bu dəmir yolunun iqtisadi faydaları ilə yanaşı, regionda yaşayan xalqlar arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyi qeyd olunub.

Tədbir çərçivəsində, həmçinin ABŞ dövlət katibinin köməkçisinin ticarət məsələləri üzrə müavini Pitr Haas, ABŞ-ın Ticarət Palatasının vitse-prezidenti Qari Litman, Ticarət Nazirliyinin beynəlxalq ticarət administrasiyasının direktoru Metyü Edvard və Xarici Özəl Sərmayə Korporasiyasının icraçı direktoru Kenet Angel çıxış edərək Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə təbriklərini çatdırıb və bunun böyük nailiyyət olduğunu vurğulayıblar. Bu layihənin region ölkələri arasında əməkdaşlığın dərinləşməsinə yardım etməklə yanaşı, ABŞ şirkətləri üçün yeni imkanlar açacağına inam ifadə edilib. Bu kontekstdə regionda irimiqyaslı infrastruktur layihələrinin reallaşması ilə bərabər, həmin dəhlizin rəqabətqabiliyyətliliyini artırmaq məqsədilə qeyri-fiziki infrastrukturun, o cümlədən yükdaşıma tariflərinin cəlbedici olması, sərhəd-keçid və gömrük sahəsində əməkdaşlığın vacibliyi bildirilib.

Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, Asiya İnkişaf Bankının, akademik dairələrin və özəl sektor nümayəndələri Bakı-Tbilisi-Qars dəmir yolunun önəmini vurğulayıb, onun əməkdaşlıq üçün yeni imkanlar yaratdığını söyləyiblər.

Çıxışlardan sonra aparılan müzakirələr zamanı səfir E.Süleymanov yeni İpək Yolunun yalnız Çin ilə Avropa arasında əlaqələndirməyə deyil, regionun digər ölkələri arasında da əməkdaşlığa xidmət edəcəyini söyləyib. Diplomat buna misal olaraq, Azərbaycandan kənd təsərrüfatı məhsullarının Qazaxıstana və Mərkəzi Asiyanın digər ölkələrinə ixracının təşviqi üçün Aktauda inşa edilmiş Azərsun Logistika və İstehsalat Mərkəzi qeyd edilib. Eyni zamanda, xarici investisiyaların cəlb olunmasından danışılarkən Azərbaycan da daxil olmaqla region ölkələrinin nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən tərtib edilən hesabatlarda reytinq sıralamasında xeyli irəliləyərək mövqelərini yaxşılaşdırmasının vacib məqam olduğu qeyd edilib.

Aparılan ümumi müzakirələrdə belə bir ümid ifadə edilib ki, region ölkələri arasında uğurlu əməkdaşlıq Ermənistan üçün nümunə olmalı və rəsmi Yerevanın Azərbaycan torpaqlarının işğalına son qoyması və bu əraziləri tərk etməsi, doğma evlərindən didərgin düşmüş həmvətənlərimizin öz yurd-yuvalarına qayıtması, eləcə də bu ölkənin beynəlxalq hüququn prinsiplərinə riayət etməsindən sonra Ermənistan da regionda həyata keçirilən bu kimi layihələrdən bəhrələnə biləcək.