YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: Prezidentin tapşırığı və nəzarəti altında Cocuq Mərcanlı bərpa olunur

Aprelin 3-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində məcburi köçkünlər üçün salınan qəsəbədə tikinti işlərinin gedişi ilə tanış olub.

Ötən ilin aprelində Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində Lələtəpənin düşməndən azad edilməsi Cəbrayıl rayonunun işğalda olmayan yeganə kəndi - Cocuq Mərcanlı üçün təhlükəni aradan qaldırdı. Xatırladaq ki, Cocuq Mərcanlı ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 1994-cü ildə apardığı hərbi əməliyyatlar zamanı azad edilən 22 yaşayış məntəqəsindən biridir. Lələtəpə yüksəkliyi düşmənin əlində olduğu üçün cocuq mərcanlıların öz evlərinə qayıtması qeyri-mümkün idi. Ordumuzun aprel qələbəsi onların böyük sevincinə səbəb oldu. Çünki bununla kənddə həyatın normal axara qayıtması və məcburi köçkünlərin öz ata-baba yurdlarına dönməsi üçün əlverişli şərait yarandı.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Cocuq Mərcanlı kəndinin bərpasına başlanıldı. Birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 4 milyon manat, digər bir sərəncamla isə Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi üçün 4,3 milyon manat vəsait ayrıldı.

Cocuq Mərcanlı kəndində inşaat sahəsi ilə tanışlıq zamanı bildirildi ki, hazırda kənddə 50 ev və məktəb binasının tikintisi sürətlə davam edir. İnşaat işlərinə 30-a yaxın texnika, 145-dən çox işçi cəlb edilib. Artıq 14 evin dəmir-beton tavanı qoyulub. Digər evlərdə hörgü, 96 şagirdlik məktəb binasının zirzəmisində suvaq işləri, su xətlərinin çəkilişi aparılır. Həftənin sonunadək 40 evin hörgüsü tam başa çatacaq.

Cocuq Mərcanlıda aparılan tikinti işləri bir daha təsdiqləyir ki, yaxın zamanlarda kənd sakinləri rahatlıqla öz evlərinə köçə biləcəklər. İlkin mərhələdə Cocuq Mərcanlıda 50 ev tikilsə də, Prezidentin Sərəncam imzalamasından cəmi bir neçə gün sonra 200-ə yaxın ailə doğma kəndə qayıtmaq üçün müraciət edib. Təbii ki, ilkin mərhələdə heç də hamı kəndə köçə bilməyəcək. Əsasən gənc və çoxuşaqlı, təsərrüfatla məşğul olan ailələrə üstünlük veriləcək. Növbəti mərhələdə digər ailələrə də kənddə ev tikiləcək. Bunun üçün yerlər müəyyənləşdirilib və layihələndirmə işləri aparılıb.

Tikinti-bərpa işləri ilə tanışlıq zamanı yerli media nümayəndələrinə müsahibə verən Əli Həsənov dedi: “Aprel döyüşlərindən bir il keçir. Düzdür, bu kənd ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə düşməndən azad olunsa da, burada yaşamaq təhlükəli idi. Çünki Lələtəpə yüksəkliyinin düşmənin əlində olması bu ərazilərdə təhlükəli vəziyyət yaradırdı. Ancaq Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun aprel döyüşlərində qazandığı möhtəşəm qələbə sayəsində həmin yüksəklik də işğaldan azad olundu və burada yaşamaq imkanı yarandı. İndi Prezidentin tapşırığı və nəzarəti altında kənd bərpa olunur”.