YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisdə beynəlxalq cinayətləri törədənlərin cəzalandırılması ilə bağlı qanun layihəsi hazırlanıb

Milli Məclisdə yeni hazırlanmış “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması” haqqında qanun layihəsinin təqdimatı keçirilir.

Milli Məclisin sədr müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradovanın sədrliyi ilə keçirilən tədbirdə yeni hazırlanan qanun layihəsi haqqında məlumat verilib.

Bahar Muradova bildirib ki, Azərbaycan zaman-zaman ərazilərini itirib, vətəndaşları qırğına məruz qalıb, mədəniyyət abidələri dağıdılıb. Beynəlxalq aləmi Azərbaycana qarşı törədilən cinayətlərin hüquqi qiymət alması və cinayətkarların cəzalandırılması ilə bağlı məlumatlandırmaq istiqamətində müəyyən işlər görülüb. Amma bu gün ərazilərimiz işğal altındadır, insanlar öz evlərində, yurdlarında yaşamaq kimi fundamental hüquqlarından məhrum olublar. Dünya bu cinayətlərin mahiyyətindən xəbərsiz olub. Bu hadisələrə ilkin münasibət ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdandan sonra verilib, BMT-yə müraciət edilib, çoxsaylı cinayət işləri qaldırılıb.

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib ki, Azərbaycan azadlıq və müstəqillik uğrunda çox çətin yol keçib. Bu yol Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə daha kəşməkəşli bir səciyyə daşıyıb. Bu işğalın ağır nəticələrinin aradan qaldırılması və Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində dövlətimizin səyləri bu gün də davam edir. Müharibənin gedişində Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilən ən ağır cinayətlərdən biri Xocalı soyqırımıdır. Biz bu faciənin nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmağa çalışmışıq, bununla bağlı çoxsaylı tədbirlər görülüb. Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə aparılıb.

Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, biz bu məsələyə beynəlxalq səviyyədə hüquqi qiymət verilməsinə çalışmalıyıq. Məhz ona görə də bu qanun layihəsi çox faydalıdır. Bu qanun Azərbaycanın mübarizəsində həm siyasi, həm hüquqi baxımdan mühüm töhfə verəcək. Gələcəkdə biz öz işimizi bu qanun çərçivəsində aparmalıyıq ki, soyqırımını törədənlərin cəzasına çatmasına nail olaq.