YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəlil Xəlilov: Azərbaycan Prezidentinin Cocuq Mərcanlının bərpası ilə bağlı Sərəncamı aprel döyüşlərində qazandığımız zəfərin nəticəsidir

Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı tədbirlər haqqında Sərəncamı ilə məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına əsaslı zəmin yaranıb, məskunlaşma prosesinin reallaşdırılmasına başlanılıb. Bu Sərəncam nəinki hazırda bərpasına başlanılan Cocuq Mərcanlı kəndinin sakinlərində, hər bir azərbaycanlıda böyük ruh yüksəkliyi yaradıb. Həmçinin Azərbaycanın xalqının işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə, bütün məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qayıdacaqlarına olan əminliyini artırıb. Bu Sərəncam, həmçinin ermənilərə siyasi mesajdır: Azərbaycan Respublikası işğal altında olan torpaqlarını heç zaman güzəştə getməyəcək.

Bu fikirləri Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.

Cəlil Xəlilov bildirib ki, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaları sevindirici və qürürverici hadisədir. Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin sosial-maddi durumunun yaxşılaşdırılması ilə bağlı çoxlu sərəncamlar verib, onların problemlərini daim diqqət mərkəzində saxlayır. Sonuncu Sərəncam bütün Azərbaycan xalqını, eləcə də biz veteranları sevindirdi. Bu, tarixi torpaqlarımıza qayıdacağımız günün uzaqda olmadığını bir daha göstərdi.

Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, Azərbaycan Prezidentinin Cocuq Mərcanlının bərpası ilə bağlı Sərəncamı aprel döyüşlərində qazandığımız zəfərin nəticəsidir. Aprel döyüşlərində qəhrəman Azərbaycan əsgərinin işğaldan azad etdiyi strateji yüksəkliklər cəbhə xəttində ordumuza üstünlük qazandırmaqla yanaşı, bir neçə istiqamətdə yaşayış məntəqələrimizi düşmənin aramsız atəş zərbələrindən qurtardı. Hazırda bu strateji yüksəkliklərin ordumuzun nəzarətində olması həmin ərazilərdəki yaşayış məntəqələrinin yenidən bərpasına, məcburi köçkün həyatı yaşayan insanlarımızın öz doğma torpağına qayıdaraq məskunlaşmasına imkan verib. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi belə yaşayış məntəqələrdəndir. Qarabağ müharibəsində və ondan sonrakı dövrlərdə ermənilər tərəfindən dağıdılmış kəndin sakinləri buranı tərk etmək məcburiyyətində qalmışdı. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprel döyüşləri zamanı əldə etdikləri qələbədən sonra tarixən kənddə məskunlaşmış dinc əhalinin öz doğma kəndlərinə qayıtmaları üçün lazımi şərait yarandı. Azərbaycanın tam nəzarətinə keçmiş həmin ərazilərdə təhlükəsizliyin təmin olunması əsaslı yenidənqurma işlərinin başlanmasına imkan yaratdı.

C.Xəlilov bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir. Qarşıya qoyulan strateji hədəflərə çatmaq üçün ölkə həyatının bütün sahələrində ardıcıl və məqsədyönlü iş aparılır, islahatlar həyata keçirilir. İnamla davam etdirilən inkişaf və tərəqqi siyasətinin nəticələri göz qabağındadır. Qarşıda duran əsas məsələ, ölkənin başlıca prioriteti məhz Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olunmasıdır. Bu istiqamətdə müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində aparılan danışıqlar sülhün əldə olunması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə nəticələnməyəcəyi təqdirdə Azərbaycan Respublikası BMT Nizamnaməsinin müvafiq maddələrinə uyğun olaraq öz suveren hüquqlarından istifadə edə bilər. Təəssüf ki, işğalçı Ermənistanın rəhbərliyi və havadarları bunu başa düşmək, qeyri-konstruktiv mövqelərinə son qoymaq istəmədiyindən münaqişənin həllində hələ də ciddi irəliləyiş əldə edilməyib. Bu yaxınlarda dövlətimizin başçısının bəzi dairələrə münaqişənin həlli ilə bağlı BMT-nin müvafiq qətnamələrini xatırlatması da bununla bağlı idi.