YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Azərbaycan dövlətinin prioriteti insanların yüksək rifah içərisində yaşamasıdır

Bu gün antiazərbaycan şəbəkəsinin siyasi direktivləri ilə hərəkət edən bəzi qruplar Tarif Şurasının qərarı ilə manipulyasiya edərək ictimai fikirdə çaşqınlıq yaratmağa çalışırlar. Xüsusilə də sosial şəbəkələrdə radikal müxalifət nümayəndələri saxta profillər vasitəsilə “kütləvi narazılıq fonu” yaratmağa cəhd göstərirlər. Lakin sadə Azərbaycan vətəndaşlarının onlara verdikləri cavablardan bəlli olur ki, bu gün hər bir azərbaycanlı Prezident İlham Əliyevə inanır və onun addımlarını dəstəkləyir.

Bu fikri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Deputat bildirib ki, dünyada müşahidə olunan böhranlı vəziyyətin Azərbaycan vətəndaşlarına ciddi təsir etməməsi üçün Prezident İlham Əliyev bütün mümkün addımları atır, ölkənin sosial-iqtisadi vəziyyətini sabit saxlamağa çalışır. Dünya ölkələrində, xüsusilə də Avropanın planetar miqyasda “nümunə” kimi göstərilən dövlətlərində kommunal xərclərin, vergilərin ən yüksək həddə çatdırıldığı, sosial xərclərin ixtisar edildiyi bir vaxtda Azərbaycanda daha çox insanların rifah halının yaxşılaşdırılması tədbirləri haqqında düşünülür. İnkişaf etmiş ölkələrdə vergilər və kommunal tariflər artırılarkən nəinki insanların vəziyyəti nəzərə alınır, hətta vətəndaşlara məlumatlar belə verilmir. Amma Azərbaycanda sosial ədalət prinsipi qorunsun deyə vətəndaşların xeyrinə qərarlar verilir.

Dünya ölkələrində kommunal xərclərin Azərbaycana nisbətən dəfələrlə yüksək olmasına diqqət çəkən Sədaqət Vəliyeva qeyd edib ki, bu da Azərbaycan dövlətinin sosialyönümlü siyasətinin səmərəliliyindən irəli gəlir. “Məsələn, Rusiya, Ukrayna, Ermənistan, Türkmənistan, Qazaxıstan, Belarusu götürdükdə qazın qiyməti hər kubmetrə görə 20-60 qəpik, elektrik enerjisi 1 kilovat-saata görə 18-55 qəpik arasında dəyişir. Almaniyada elektrikdən istifadəyə görə isə 4 nəfərlik ailə ayda 85-100 avro ödəyir, qazdan istifadəyə gəldikdə isə ildə 800-850 avro xərcləməli olur. Elektrik enerjisinin hər 1 kilovat-saatına görə alman, fransız və belçikalı ailələr 11 avrosent ödəyirlər. İslandiyada 4 nəfərlik ailə isə kommunal xərclərə aylıq 200-300 avro pul ödəyir. Bir sözlə, bu gün orta amerikalı, yaxud avropalı ailə hər ay kommunal xərclərə 600-700 dollar pul ödəyirsə, Azərbaycanda bu rəqəm 40-60 manat arasında dəyişir”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Deputat əlavə edib ki, Tarif Şurasının son qərarı bir daha Azərbaycan dövlətinin praqmatik siyasətinin və insan amilinə verdiyi dəyərin göstəricisi oldu. Prezident İlham Əliyevin inkişaf siyasətinin mərkəzində insan amili durduğundan Şura kommunal tariflərin hesablanmasında differensiallaşma və optimallaşdırma variantına razılıq verdi. Bu da bir daha onu sübut edir ki, Azərbaycan dövlətinin prioriteti insanların yüksək rifah içərisində yaşamasıdır.