YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış “Əsrin kontraktı” bu gün də ölkəmizin inkişafında, güclənməsində öz rolunu oynayır

“1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə “Əsrin kontraktı” imzalanmışdır ki, artıq o vaxtdan 22 il ötür. Amma bu gün də “Əsrin kontraktı” ölkəmizin inkişafında, güclənməsində öz rolunu oynayır. Azərbaycan tarixdə ilk dəfə olaraq Xəzər dənizini xarici investorlara təqdim etdi. Azərbaycana milyardlarla dollar həcmində investisiya qoyuldu və ölkəmiz inkişaf etməyə başladı. 1996-cı ildə “Şahdəniz” qaz yatağının işlənilməsi üzrə kontrakt imzalanmışdır. Bu gün həm Azərbaycanın, həm regionun və müəyyən dərəcədə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında “Şahdəniz” yatağının xüsusi yeri var”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda nitqi zamanı səsləndirmişdir.

Dövlət başçımız qeyd etmişdir ki, Azərbaycan 1993-2003-cü illərdə öz inkişaf və sabitlik dövrünü yaşayırdı. Bu, müstəqilliyimizin ikinci dövrü idi. Bir daha qayıdıram müstəqilliyimizin ilk illərinə. Əgər o vaxt Heydər Əliyev kimi dahi şəxsiyyət - millətə canı, qanı ilə bağlı olan insan hakimiyyətdə olsaydı, biz o bəlalarla üzləşməyəcəkdik. Ancaq tarix tarixdir. Biz tarixi dəyişdirə bilmərik. Bizim əsas vəzifəmiz ondan ibarətdir ki, ölkəmizi irəliyə aparaq, gücləndirək və müsbət meyillər əsasında inkişafı təmin edək.

Prezident İlham Əliyev: “2003-cü il, hesab edirəm ki, müstəqil tariximiz üçün də xüsusi əhəmiyyət daşıyır. Çünki 2003-cü ildə ölkənin bundan sonra hansı yolla gedəcəyi haqqında Azərbaycan xalqı öz qərarını verdi: Heydər Əliyev siyasətimi davam edəcək, yoxsa ki, yenə Azərbaycan bəlalarla, fəlakətlərlə üzləşəcək?! Azərbaycan xalqı həmişə olduğu kimi, müdrikliyini göstərərək Heydər Əliyev siyasətinə öz səsini verdi. Onu da qeyd etməliyəm ki, 1993-cü ildə AXC-Müsavat qruplaşmasının iflasının əsas mənbəyi Azərbaycan xalqının iradəsi olmuşdur. Cəmi bir il xalq bunların yarıtmaz fəaliyyətinə dözə bilmişdir və Azərbaycan xalqı bu ləkəni tariximizdən yumaq üçün o hakimiyyətə son qoydu. O vaxtdan bu günə qədər o hakimiyyət tarixin zibilxanasındadır” – deyə, qeyd etmişdir.

Prezident İlham Əliyev bildirmişdir ki, 2003-cü il seçim ili idi. Bugünkü Azərbaycan reallıqları onu göstərir ki, yenə də Azərbaycan xalqı düzgün seçim etmişdir. 2003-cü ildən bu günə qədər Azərbaycanda sürətli inkişaf dövrü yaşanır, Heydər Əliyev siyasəti davam etdirilir. Bu, müstəqilliyimizin üçüncü dövrüdür. Bu üçüncü dövr ikinci dövrün məntiqi davamıdır.