YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini Əli Əhmədov: Sosial sahə, insanların rifahı ilə bağlı məsələlər daim Prezidentin və hökumətin diqqət mərkəzindədir

«Sosial sahə, insanların rifahı ilə bağlı məsələlər daim Prezidentin və hökumətin diqqət mərkəzindədir. Məlum iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycanda sosial sahənin maliyyələşməsi sahəsində hər hansı problem yaşanmayıb. 2016-cı ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilməkdə davam edib. Maaşlar və pensiyalar təxminən 10 faiz artırılıb. İqtisadi və maliyyə çətinlikləri dövründə əksər ölkələr vəziyyətdən çıxış yollarından birini adətən, sosial sahəyə ayrılan büdcə vəsaitlərinin azaldılmasında görürlər. Qənaət rejiminə keçid bir qayda olaraq sosial müdafiə sferasından yan ötmür. İndinin özündə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin demək olar ki, əksəriyyətində əmək-haqlarının və pensiyaların “dondurulması”, bəzi hallarda isə hətta azaldılması adi praktikaya çevrilib. Azərbaycanda isə fərqli mənzərə göz önündədir. Burada nəinki yuxarıda qeyd olunan vəziyyət yoxdur, hətta, deyildiyi kimi, əməkhaqqı və pensiyalar artırılmışdır. Bunun əsas səbəbi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin sosial mahiyyətindədir». Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov «Azərbaycan» qəzetinə müsahibəsində deyib.

Əli Əhmədov bildirib ki, sosial müdafiəsi zəif olan əhaliyə qayğı və dəstək dövlətin sosial siyasətinin diqqət mərkəzində olan digər aktual problemdir. Onun sözlərinə görə, bu və ya digər obyektiv səbəblərlə əlaqədar olaraq işləyə bilməyən və ya böyük ailəsi olan insanlar bizim sosial siyasətin fokusundadır: «Ünvanlı sosial siyasət həmin insanların vəziyyətinin yaxşılaşmasına, düşünürəm ki, ciddi dəstəkdir. Hər il dövlət bu məqsədə 200 milyon manatdan çox vəsait ayırır, 100 minə yaxın ailə dövlət yardımı alır. Bu sahədə ciddi yeniliklər gözlənilir. Prezident İlham Əliyev sosial müdafiəsi zəif olan insanlara və ailələrə dövlət dəstəyinin daha müasir və səmərəli formalarının tətbiq edilməsi ilə bağlı tapşırıq vermişdir. Söhbət ondan gedir ki, həmin əhali kateqoriyasına dövlət dəstəyi yalnız pul şəklində verilən aylıq yardımlardan ibarət olmamalıdır. Burada bir sıra hallarda qaçılmaz olan aylıq maliyyə yardımı ilə yanaşı, ailələrin öz kiçik bizneslərini qurmaq məqsədi güdən kompleks dövlət dəstəyi kimi formadan da geniş istifadə olunmalıdır».

Baş nazirin müavini qeyd edib ki, üzümüzə gələn dövrdə gözlədiyimiz ən mühüm sosial layihələrdən biri icbari tibbi sığortanın tətbiq edilməsidir: «Son illər ərzində Azərbaycanda səhiyyənin inkişafı sahəsində kifayət qədər böyük işlər görülüb. Xüsusilə, səhiyyənin infrastrukturunun yeniləşməsi, ən müasir səhiyyə müəssisələrinin yaradılması istiqamətində möhtəşəm nailiyyətlər əldə edilmişdir. Bu sahədə islahatlar getdikcə daha geniş vüsət almaqdadır. Gündəlikdə səhiyyə sahəsində böyük dəyişiklikləri nəzərdə tutan icbari tibbi sığortanın həyata keçirilməsidir. Məqsəd səhiyyənin maliyyələşməsinin tamamilə yeni formasını tətbiq etməklə bir sıra hədəflərə çatmaqdan ibarətdir. Əvvəla, insanlara tibbi xidmətin keyfiyyətinin ciddi şəkildə yüksəldilməsi nəzərdə tutulur. Bununla yanaşı, səhiyyənin inkişafına yeni maliyyə vəsaitlərinin cəlb edilməsi, səhiyyə idarəçiliyinin təkmilləşdirilməsi, neqativ hallara şərait yaradan səbəblərin aradan qaldırılması kimi problemlər də öz həllini tapa biləcək. Hesab edirəm ki, icbari tibbi sığortanın tətbiq edilməsi səhiyyə sahəsində islahatları tamamlayacaq, onun nəticələrinin daha əhəmiyyətli və təsirli olmasına gətirib çıxaracaq».