YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan" təşviqat qrupunun Nərimanov rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirib

"Yeni Azərbaycan" təşviqat qrupunun Nərimanov rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirib.

Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev Referendum Aktı haqqında məlumat verib. T.Tağıyev bildirib ki, "Yeni Azərbaycan" təşviqat qrupunun Nərimanov rayon şöbəsi ümumxalq səsverməsi ilə əlaqədar üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır. T.Tağıyev bu məsələ ilə əlaqədar təşkilatın fəallarının əhali ilə aktiv iş apardığını, rayon sakinlərinə təşviqat materiallarının paylanıldığını diqqətə çatdırıb. O əmin olduğunu bildirib ki, ölkə vətəndaşları bu əlavə və dəyişikliklərə yekdilliklə səs verəcəklər. 

Tədbirdə çıxış edən "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs, Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyada bir sıra əlavə və dəyişikliklərin edilməsi məqsədi ilə sentyabrın 26-da referendum keçirilməsini günün və zamanın tələbi və cəmiyyətin ehtiyacı kimi dəyərləndirmək lazımdır: "Son illərdə ölkəmizdə həyata keçirilən möhtəşəm layihələr və proqramlar, dövlət idarəçiliyinin bütün sahələrində, xüsusilə də, hökumətin şəffaf fəaliyyəti üçün həyata keçirilən islahatlar, xarici siyasətimizdə əldə edilən uğurlar, demokratiya, insan hüquqları və azadlıqları sahəsində əldə edilən uğurlar məhz bu dəyişikliklərin Əsas Qanunumuzda təsbit olunmasını zəruri edib. Konstitusiyaya təklif olunan hər bir əlavə və dəyişiklik ölkəmizin gücünə əlavə güc qatmaqla dövlətçiliyimizə böyük töhfələr verəcək. Bu mənada Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsində hər bir vətəndaşın fəal iştirakı, bu dəyişikliklərə səs verməsi çox vacibdir. Çünki bu dəyişikliklərə səs verməklə biz müstəqilliyimizə və dövlətçiliyimizə, onların daha da möhkəmlənməsinə, xalqın rifahının artırılmasına bir daha səs vermiş oluruq".

Çıxış edən "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, ilk milli Konstitusiyanın qəbul olunduğu 1995-ci ildən 2016-cı ilə qədər keçən dövrdə Azərbaycan bütün sahələrdə - siyasi, iqtisadi, mədəni, hüquqi və digər sahələrdə inkişaf edib. İnkişafın yeni şərtlər diktə etdiyini deyən Hikmət Babaoğlunun sözlərinə görə, bu inkişafla ayaqlaşmaq üçün, ölkənin daha optimal və effektli idarəetməsinin təmin olunması, hüquqi sistemin keyfiyyətinin yeni mərhələyə daşınmasını təmin etmək üçün bu dəyişikliklərə ehtiyac yaranır: "Dünyada hər bir ölkənin, beynəlxalq təşkilatların hədəfləri var. Bu baxımdan, Azərbaycan öz milli məqsədlərinə çatmaq üçün fəaliyyət göstərir. Məhz bu milli hədəflərə çatmaq üçün Konstitusiyaya bu dəyişikliklər təklif olunur".

Görüşdə Nərimanov rayonu Ağsaqqallar Şurasının sədri Miri Həsənov çıxış edərək Konstitusiya islahatlarının ölkəmizin milli maraqlarına xidmət etdiyini bildirib. O, Nərimanov seçicilərini fəal olmağa və sentyabrın 26-da Referendum Aktına səs verməyə çağırıb.
Tədbirdə çıxış edən seçicilər Konstitusiya islahatlarını dəstəklədiklərini və Referendum Aktına səs verəcəklərini vurğulayıblar.