YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in komitə sədri: Dövlət dəstəyi sayəsində həyata keçirilən tədbirlər regionların turist cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb

«Azərbaycanın regional inkişaf strategiyasında hər bölgənin malik olduğu potensiala və ənənələrə uyğun inkişaf etdirilməsinə böyük önəm verilir. Prezident İlham Əliyev İsmayıllı və Qəbələ rayonlarında keçirdiyi görüşlərdə hər iki rayonda turizmin inkişaf etdirilməsinin önəmini xüsusi nəzərə çatdırıb». Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, dövlət başçısı keçirdiyi görüşlərdə Şamaxıdan Balakənədək olan coğrafiyada beynəlxalq səviyyəli turizm zonasının yaradılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin İsmayıllıya və Qəbələyə səfəri çərçivəsində bölgənin turizm potensialından səmərəli istifadə edilməsinin vacibliyinə diqqət çəkməsi yeni iqtisadi şəraitdə meydana gələn çağırışlar kontekstində böyük aktuallıq kəsb edir.

«Respublikamızda qlobal mənfi təsirlər nəticəsində yaranan yeni iqtisadi şəraitdə iqtisadiyyatın neftdənkənar sahələrinin inkişafının prioritetliyindən söhbət açarkən bütün ölkə boyu turizm sektorunun inkişaf perspektivlərini ayrıca qeyd etmək lazımdır. Prezident İlham Əliyev bir neçə mühüm sahə ilə yanaşı, ölkəmizdə turizmin inkişafını da qeyri-neft sektorunun əsas istiqamətlərindən biri elan edib. Son 12 ildə ölkəmizdə davamlı dövlət dəstəyi sayəsində həyata keçirilən tədbirlər regionların turist cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb»- deyə, komitə sədri vurğulayıb.