YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İran Prezidenti Həsən Ruhani: İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında müxtəlif sahələrdə əlaqələrdə çox müsbət dəyişikliklər baş verib

Avqustun 8-də İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə üçtərəfli Zirvə görüşündə qeyd edib ki, İran İslam Respublikasının xarici siyasətinin prinsiplərinə əsasən qonşu ölkələrlə əlaqələrin genişləndirilməsi əsas götürülür. Ona görə də İran hər hansı bir təşəbbüsə, razılaşmalara, anlaşmalara tərəfdardır. İran, Azərbaycan və Rusiya arasında olan üçtərəfli görüş fikir mübadiləsinə, ortaq mənafelərin yaranmasına imkan verir. İran İslam Respublikası bu ideyanı yüksək dəyərləndirir. Şübhəsiz ki, bu üçtərəfli görüşün keçirilməsi regionda təhlükəsizliyin möhkəmləndirilməsi, ölkələrimizin əlaqələrinin genişləndirilməsi və dərinləşdirilməsi üçün son dərəcə böyük əhəmiyyətə malikdir. Bu üç qonşu ölkə regionda geosiyasi və coğrafi baxımdan mühüm önəmə malikdir.

“Ölkələrimiz siyasi, iqtisadi, mədəni, sosial, texnologiya sahələrində bir sıra təhlükələrlə üz-üzədir. Bu, onların qarşılıqlı anlaşmaya nail olmasını əvvəlkindən də artıq zəruri edir. Biz İran İslam Respublikasında inanırıq ki, indiki şəraitdə müxtəlif təhdidlərlə üzləşən bir ölkənin təkbaşına fürsətlərdən yararlanma imkanı olmayacaq. Hər ölkənin xalqının rifah və firavanlığı üçün başqa ölkələrlə, xüsusilə qonşu ölkələrlə əməkdaşlıq lazımdır. İranın xarici siyasəti başqa ölkələrlə, xüsusilə qonşu ölkələrlə əməkdaşlıq, habelə müştərək mənafeyə əsaslanır. Bu sahədə aparılan müzakirələrin, danışıqların faydalı olduğunu hiss edirik.

Müxtəlif tarixi, mədəni, dini və sosial sahələrdə ortaq dəyərlər, habelə mövcud potensiallardan zamanında yararlanmaq üçtərəfli əlaqələrin genişlənməsi üçün fürsətlər yaradır. Müxtəlif potensiallardan istifadə, enerji məsələləri, habelə geosiyasi, coğrafi mövqe üç qonşu ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından böyük bir fürsətdir. Digər tərəfdən, terrorizm, ekstremizm, ekoloji sahədə müxtəlif problemlərin yaranması, mütəşəkkil cinayətkarlıq və digər problemlərlə mübarizə hər üç ölkənin anlaşmaya nail olmasını tələb edir” – deyə, İran Prezidenti Həsən Ruhani bildirmişdir.

İran dövlət başçısının sözlərinə görə, son illərdə dünyada baş verən dəyişikliklər, əməkdaşlıq və ortaq fikrə sahib olmaq bu problemlərə üstün gəlməyin mümkünlüyünü göstərir. Görürük ki, potensialdan istifadə etmək mümkündür. İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında müxtəlif sahələrdə əlaqələrdə çox müsbət dəyişikliklər baş verib. Bu iki ölkə arasında yaxşı qonşuluq münasibətləri var, əlaqələrin genişlənməsi üçün müxtəlif təşəbbüslər irəli sürülüb. Ticari-iqtisadi əməkdaşlığın genişlənməsi baxımından gömrük sahəsində əməkdaşlıq, elektrik xətlərinin, habelə dəmir yollarının birləşdirilməsi ilə bağlı anlaşmalar, Astaraçayın üzərində körpünün salınması, həmçinin Xudafərin su mənbəyindən müştərək istifadə edilməsi kimi faktları göstərmək olar.

Rusiya ilə ikitərəfli əlaqələrimiz göstərir ki, hər iki ölkənin rəhbərləri arasında xüsusilə son iki ildə yaxşı münasibətlər var. Bu iki ölkənin əlaqələrinin genişləndirilməsi və nüvə probleminin həlli üçün eyni mövqeyə sahib olmaları, xüsusilə Suriya məsələsində əməkdaşlıq münasibətlərin inkişafına sübutdur. Bunu xüsusilə üçtərəfli əməkdaşlığa sirayət etdirmək də mümkündür. O cümlədən viza rejiminin sadələşdirilməsi, sərmayə qoyuluşu, gömrük və texnologiya sahələrində əməkdaşlıq ticari əlaqələrin genişlənməsinə bariz nümunədir. Bu, həmçinin əlaqələrin inkişafı üçün böyük perspektiv açır.

“İran hesab edir ki, üç ölkənin eyni mövqeyə, qarşılıqlı etimada sahib olması müxtəlif sektorlarda, xüsusilə mədəni, iqtisadi sahələrdə potensialı üzə çıxarmağa imkan yaradacaq. Bu ölkələrin bir-birinə yardım etmələri regionda mövcud olan təhdidlərə qarşı mübarizə sahəsində əməkdaşlığa da töhfə verə bilər. Regionda üç ölkənin əməkdaşlığı sayəsində inkişafın mümkünlüyünə inanırıq. Bugünkü görüş bunu bir daha göstərir.

Ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, enerji, nəqliyyat, bank, sərmayə qoyuluşu, turizm, habelə dəmir yolu, gəmiçilik sahələrində əməkdaşlıq üçün potensiallardan tam istifadə olunması, maneələrin aradan qaldırılması məqsədilə lazımi işlər görülməlidir. Üçtərəfli anlaşmalar bu baxımdan mühüm rol oynaya bilər. Hökumətlərarası müştərək komissiyaların fəaliyyəti üç ölkənin əlaqələrinin genişləndirilməsinə yönəldilib. İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu komissiyaya həmsədrliyi həyata keçirir. Təklif edirik ki, bu komissiyanın sədrləri belə anlaşmaların imzalanması və yeni əməkdaşlıqların genişləndirilməsi və sərmayə qoyulması, üçtərəfli layihələrin həyata keçirilməsi üçün lazımi işlər görsünlər.

Həqiqətən də iqtisadi inkişaf və rifah regionda sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verir. Belə bir şəraitdə terrorizmə və ekstremizmə qarşı mübarizə, sabitliyin və təhlükəsizliyin təmin olunması müxtəlif fikir ayrılıqlarını müzakirə və danışıqlar yolu ilə həll etməyin mümkün olduğunu göstərir. Terrorizmlə, ekstremizmlə mübarizədə əməkdaşlığımızın potensialından istifadə etmək faydalı olar” – deyə, İran Prezidenti Həsən Ruhani bildirib.