YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Referendum Aktı layihəsində əksini tapan əlavə və dəyişikliyin hər biri mütərəqqi xarakter daşıyır

«Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci il noyabrın 12-də referendum yolu ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan keçən dövr ərzində ölkəmizdə milli qanunvericiliyin təkmilləşdirilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının etibarlı təminat mexanizmlərinin formalaşdırılması və xüsusilə də siyasi-hüquqi sistemin liberallaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir». Bu fikirləri Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Konstitusiyanın 152-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əsas Qanununun mətnində dəyişikliklər yalnız referendumla qəbul edilə bilər. Onun sözlərinə görə, Konstitusiyaya əlavələrin təklif edilməsi təşəbbüsünü nəzərdə tutan 157-ci maddəyə əsasən, müvafiq təkliflə Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti çıxış edərsə, bu halda nəzərdə tutulan dəyişikliklərlə bağlı Konstitusiya Məhkəməsinin rəyi alınır. Elə bu məntiqlə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 18 iyul tarixində "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalamışdır.

«Konstitusiya islahatının ölkə həyatının ən müxtəlif sahələrinə: təhlükəsizlik və müdafiə, insan hüquq və azadlıqlarının qorunması və ondan sui-istifadə hallarına yol verilməməsi, xüsusi mülkiyyət ilə bağlı sosial öhdəliklər, vətəndaşın informasiya təhlükəsizliyinin etibarlı təminatı, vətəndaşların seçmək və seçilmək hüquqlarının genişləndirilməsi, dövlət strukturlarının təkmilləşdirilməsi, bələdiyyələrin məsuliyyətinin artırılması və digər vacib məsələlərin tənzimlənməsinə şamil edilməsi nəzərdə tutulur. Möhtərəm Prezident İlham Əliyevin təşəbbüskarı olduğu "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsində əksini tapan əlavə və dəyişikliyin hər biri mütərəqqi xarakter daşıyır.  Və ilk növbədə ölkəmizdə ictimai-siyasi sabitliyin, təhlükəsizliyin, davamlı inkişafın, vətəndaş həmrəyliyinin, xalq-iqtidar birliyinin möhkəmləndirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dərinləşdirilməsi, dövlət idarəçiliyi sisteminin daha da təkmilləşdirilməsi mənafeyinə xidmət göstərir, dövlətin bu sahədə məsuliyyətini və fəaliyyət istiqamətlərini konkretləşdirir»- deyə, E.Nəsirov qeyd edib.