YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Küveytin Vəliəhdi: Küveyt Azərbaycanla hərtərəfli əlaqələrin inkişafında maraqlıdır

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Nəvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabah Azərbaycanın bu ölkədəki səfiri Elxan Qəhrəman ilə görüşüb. Bu barədə  Azərbaycanın Küveytdəki səfirliyindən məlumat verilib.

Görüşdə səfir Azərbaycan Prezidenti İlham Əliyevin Küveyt Dövlətinin Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabaha, Vəliəhd Şeyx Nəvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabaha və bütün Küveyt xalqına səmimi salamlarını və xoş arzularını çatdırıb. O, Azərbaycan rəhbərliyinin iki dost ölkə arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib.

Ölkələrimiz arasında tarixi, dini və mədəni bağlılığın əlaqələrimizin inkişafı üçün münbit şərait yaratdığını bildirən səfir Azərbaycanın İslam və ərəb dövlətləri, o cümlədən Küveyt ilə münasibətlərinə toxunub, mövcud əlaqələrin qurulması və inkişafında xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük rolunu vurğulayıb. O, Prezident İlham Əliyevin 2009-cu ilin fevral ayında Küveytə rəsmi səfərinin əhəmiyyətini qeyd edib, bu cür yüksək səviyyəli səfərlərin iki ölkə arasında münasibətlərin inkişafına güclü təkan verdiyini bildirib.

Diplomat, həmçinin Şeyx Nəvaf Əl-Əhmədin Azərbaycana səfər edəcəyinə ümidvar olduğunu qeyd edərək, bu səfərin iki ölkə arasında mövcud münasibətlərin daha da genişlənməsinə öz töhfəsini verəcəyinə inandığını söyləyib.

Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıqdan söhbət açan səfir Azərbaycanın taleyüklü problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Küveyt Dövlətinin ölkəmizə göstərdiyi siyasi dəstəyə görə minnətdarlığını bildirib. O, iki ölkə arasında sıx əlaqələrin daha da inkişaf etməsi və genişlənməsi üçün var qüvvəsini sərf edəcəyini vurğulayıb.

Küveyt Dövlətinin Vəliəhdi Küveyt rəhbərliyi və xalqının Azərbaycanla hərtərəfli əlaqələrin inkişafında maraqlı olduğunu deyib və bu münasibətlərin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib. Şeyx Nəvaf Əl-Əhməd səmimi salamlarına və xoş arzularına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib və onun da səmimi salamlarının və dost Azərbaycan xalqına rifah, inkişaf, tərəqqi arzularının dövlətimizin başçısına çatdırılmasını xahiş edib.

Vəliəhd Şeyx Nəvaf Əl-Əhməd səfir E.Qəhrəmana diplomatik fəaliyyətində uğurlar arzulayıb.