YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Almaniya arasında siyasi dialoq və iqtisadi əməkdaşlıq yüksək səviyyədədir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniyaya işgüzar səfəri çərçivəsində Kansler Angela Merkelin xarici əlaqələr və təhlükəsizlik siyasəti məsələləri üzrə müşaviri, Kansler Administrasiyasının Xarici, Təhlükəsizlik və İnkişaf Siyasəti üzrə İdarəsinin rəisi Kristof Hoysqenlə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, görüş zamanı Azərbaycan-Almaniya və Azərbaycan-Avropa İttifaqı münasibətləri, enerji əməkdaşlığı, TAP və TANAP layihələri, iqtisadi əlaqələr, Ermənistan-Azərbaycan münaqişəsi, beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı məlumat verərək, Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatlar zamanı azərbaycanlı mülki əhaliyə qarşı yönəlmiş müharibə cinayətləri törətməsi və bu fonda Ermənistan tərəfinin təxribat xarakterli bəyanatlar verməsini vurğulayıb. O, münaqişənin həlli prosesində ATƏT-in fəallıq göstərməsinin vacibliyini qeyd edib və bu xüsusda, Almaniyanın ATƏT-ə sədrliyi dövründə töhfə verə biləcəyinə ümidvar olduğunu ifadə edib.

Görüşdə iki dövlət arasında mövcud olan siyasi dialoq və iqtisadi əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə edilib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya son iki ildəki səfərlərinin dövlətlərimiz arasında münasibətlərin inkişafına mühüm töhfə verdiyi vurğulanıb.