YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“BMW Group”un vitse-prezidenti: Bakı Forumu mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfələr verəcək

BMT Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunun təşkilatçıları bizə bir çox məsələlərin müzakirəsi üçün yüksək səviyyəli platforma yaratdıqlarına görə minnətdarlığımı bildirirəm. Bakıda olmaq, bu Forumda iştirak etmək mənim üçün qürurvericidir.

Bu fikirləri BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunun iştirakçısı, “BMW Group”un kommunikasiya strategiyası, korporasiya və market əlaqələndirilməsi üzrə vitse-prezidenti Bill Mak Endryus AZƏRTAC-a müsahibəsində bildirib.

Forumdan gözləntilərinin yüksək olduğunu deyən B.Endryus bu mötəbər tədbir çərçivəsində müzakirə olunan məsələlərin mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfələr verəcəyinə inandığını söyləyib. Forum çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasirlə birgə mədəniyyətlərarası innovasiya mükafatını təqdim edəcəklərini diqqətə çatdıran vitse-prezident bunun mədəniyyətlərarası anlaşmanın daha geniş miqyasda təbliği üçün növbəti uğurlu addım olacağına əminliyini bildirib. O deyib ki, “BMW Group” bu il artıq 100 illiyini qeyd etdi. Bu, növbəti yüzillik üçün yaxşı nümunədir. Növbəti yüzillikdə əsas məqsəd rəqəmsallaşmaya daha böyük önəm verməkdir. Digər əsas məqam elektro mobilləşmədir. Biz elektro mobilləşməyə daha böyük investisiya ayırmağı düşünürük. Bizim Azərbaycandakı tərəfdaşlarımız böyük işlər görürlər. Biz Azərbaycandakı tərəfdaşlarımızla birgə işləməyi davam etdirəcəyik.

Azərbaycana səfərindən məmnunluğunu dilə gətirən qonaq artıq şəhəri gəzdiyini, Bakının gözəlliyinin, mədəni irsinin, arxitekturasının onu heyran etdiyini xüsusi vurğulayıb. B.Endryus Bakıda Şərq və Qərb elementlərini özündə birləşdirən memarlıq nümunələrinin, həm qədim, həm də müasir arxitekturanın valehedici olduğunu diqqətə çatdırıb. O, həmçinin vurğulayıb ki, bu ölkənin insanları çox mehriban, qayğıkeşdirlər. Buranın iqlimi də gözəldir. Bakının qədim və müasir tikililəri diqqəti xüsusilə cəlb edir.

Azərbaycanın inkişaf etdiyini vurğulayan qonaq deyib: “Təbii ki, ölkənizə yenə də gələcəyəm. Azərbaycanın əldə etdiyi uğurlar onun gələcəkdə daha da inkişafına imkan verəcək”.