YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsrail şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağı böyükdür

İsrail şirkətləri Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən əczaçılıq, nəqliyyat və telekommunikasiya, suvarma sahəsində avadanlıq istehsalı sahələrinə maraq göstərir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bunu İsrailin ölkəmizdəki səfiri Dan Stav iqtisadiyyat naziri Şahin Mustafayev ilə görüşdə deyib.

Ş.Mustafayev Azərbaycan-İsrail əlaqələrinin inkişaf etdiyini vurğulayıb, yaradılmış müqavilə-hüquqi bazanın və keçirilən görüşlərin əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini qeyd edib. Hazırda Azərbaycanda 37 İsrail şirkəti fəaliyyət göstərir, bu şirkətlər tenderlərdə də iştirak edirlər. Qeyri-neft sektorunun ölkə iqtisadiyyatının prioritet istiqaməti olduğunu diqqətə çatdıran Ş.Mustafayev səhiyyə, əczaçılıq, kənd təsərrüfatı, İKT, turizm, qeyri-neft məhsullarının ixracı sahələrində əməkdaşlıq üçün geniş imkanların olduğunu, qeyri-neft sektorunda birgə müəssisələrin yaradılmasının mümkünlüyünü qeyd edib. Bildirilib ki, Azərbaycan əczaçılıq məhsullarının istehsalında maraqlıdır və bu sahədə İsrail ilə birgə istehsal müəssisəsinin yaradılması mümkündür. Bundan başqa, kənd təsərrüfatında intensiv metodların tətbiqi sahəsində təcrübənin öyrənilməsi, müasir texnologiya və avadanlığın gətirilməsi və Azərbaycanda birgə istehsalın təşkili sahəsində əməkdaşlıq imkanları genişdir. Xarici şirkətlərin, o cümlədən İsrail iş adamlarının ölkəmizdə səmərəli fəaliyyəti üçün sənaye parklarında da əlverişli şərait yaradılıb. Qeyri-neft sektorunda ölkəmizin potensialı ilə yaxından tanış olmaq və əməkdaşlıq imkanlarının öyrənilməsi məqsədilə nazir İsrail şirkətlərini Azərbaycana səfərə dəvət edib.

Görüşdə Ş.Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdırıb, Ermənistanın növbəti təxribatı nəticəsində cəbhə xəttində yaşanan son hadisələr barədə səfiri məlumatlandırıb.

Səfir D.Stav ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu, səfirliyin iqtisadi əlaqələrin genişləndirilməsini təşviq etdiyini vurğulayıb. İsrail şirkətlərinin iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən əczaçılıq, nəqliyyat və telekommunikasiya, suvarma sahəsində avadanlıq istehsalı sahələrinə maraq göstərdiyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.