YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Belarusdakı həmvətənlərimiz Azərbaycan ordusunun uğurlarına sevinirlər

Minsk şəhərində təhsil alan azərbaycanlı tələbələr Azərbaycanın Belarusdakı səfirliyinə müraciət edərək səfirliyin binası qarşısında Qarabağa dəstək aksiyası keçirmək istədiklərini bildiriblər.

Azərbaycanın Belarusdakı səfirliyinin məlumatına görə, aksiyaların keçirilməsi ilə bağlı Belarusun yerli qanunları nəzərə alınaraq dəstək aksiyasının küçədə deyil, səfirliyin akt zalında keçirilməsi qərara alınıb. Tədbirdə azərbaycanlı tələbələrlə birgə Belarusun müxtəlif ali təhsil müəssisələrində təhsil alan türk tələbələr də iştirak ediblər.

Səfir İsfəndiyar Vahabzadə tədbirdə çıxış edərək tələbələrə son günlərdə qüdrətli Azərbaycan ordusu tərəfindən cəbhədə aparılan uğurlu hərbi əməliyyatlar və Ermənistan ordusunun mülki əhaliyə qarşı təxribatının qarşısının alınması barədə məlumat verib. Qeyd edib ki, bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib, düşmənə layiqli cavab verilib. O, tələbələrimizə təhsil aldıqları ali təhsil müəssisələrində erməni tələbələrin təxribat xarakterli hərəkətlərinə uymamağı, lazım olduqda onlara sivil qaydada cavab verməyi tövsiyə edib.

Sonra səfirliyin müşaviri Zülfüqar Tanarverdi çıxış edərək bu günlərdə cəbhədəki hərbi əməliyyatlarla yanaşı, mənfur düşmənlərimiz tərəfindən bütün dünyada Azərbaycana qarşı informasiya müharibəsi aparıldığını bildirib. Qeyd edib ki, düşmənə qarşı bu mübarizədə xaricdə yaşayan hər bir azərbaycanlı fəal iştirak etməlidir. Eyni zamanda, çıxışda sosial şəbəkələrdə aparılan informasiya mübarizəsi zamanı düşmən tərəfinin təxribatlarının qarşısının alınması üçün Azərbaycanın aidiyyəti dövlət orqanları tərəfindən yayılan məlumatlara istinad etməyin vacibliyi vurğulanıb.

Görüşdə iştirak edən tələbələr çıxış edərək Ermənistan ordusu tərəfindən atəşkəsin ciddi şəkildə pozulması nəticəsində başlamış döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi uğurları böyük fərəhlə qarşıladıqlarını, Prezident İlham Əliyevin apardığı siyasəti dəstəklədiklərini və Ali Baş Komandanın əmri olduğu təqdirdə işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda döyüşə getməyə hazır olduqlarını bildiriblər.

Daha sonra Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov çıxış edərək Belarusda yaşayan Azərbaycan diasporunun hər zaman Azərbaycan ordusunun yanında olduğunu söyləyib və torpaqlarımızın azadlığı uğrunda döyüşməyə hazır olduqlarını bildirib.

Sonda səfir İ.Vahabzadə bir daha göstərdikləri dəstəyə görə tələbələrimizə təşəkkür edib, aksiyada türk tələbələrinin də iştirakının Azərbaycan və Türkiyə dövlətlərinin qardaşlığının bariz nümunəsi olduğunu bildirib.