YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir

ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının Quru Qoşunları komandanı, briqada generalı Hopper Smitin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, səfər çərçivəsində keçirilən görüşlərdə Azərbaycan ilə ABŞ arasında hərbi əlaqələrin genişləndirilməsi, regional təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsi, eləcə də ABŞ və NATO ilə qarşılıqlı uyarlılıq səviyyəsinin inkişaf etdirilməsi və digər istiqamətlərdə ikitərəfli təcrübə mübadiləsinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

ABŞ-ın nümayəndə heyəti müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirovun müşayiəti ilə aviasiya bazasında olub. Qonaqlara bazanın yaranma tarixi, xüsusiyyətləri, məqsədi və tapşırıqları barədə ətraflı brifinq təqdim edilib.

Qərargah və döyüş növbətçiliyinin aparılması, start-komanda məntəqəsi, silahlanmada olan döyüş aviasiya vasitələri ilə yaxından tanış olan qonaqlar şəxsi heyətin sosial-məişət şəraiti ilə də maraqlanıblar.

Uçuş və texniki heyətlə görüşən nümayəndə heyətinin üzvləri "MiQ-29" döyüş təyyarələrinin təlim uçuşlarını izləyərək aviabazada döyüş xidməti üçün yaradılan şəraitdən məmnun qaldıqlarını ifadə ediblər.

Həmin gün qonaqlar Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar. Hərbi tibb müəssisəsinin rəhbərliyi və tibb heyəti ilə görüşən ABŞ-ın nümayəndə heyətinə hospitalın yaranma tarixi, fəaliyyəti barədə məlumat verilib.

Sonra müalicə korpuslarındakı şöbə və bölmələrə baş çəkən qonaqlar beynəlxalq standartlara cavab verən avadanlıq və cihazlarla təchiz edilən palatalarda və əməliyyat bloklarında yaradılmış şəraitlə də tanış olublar.

ABŞ-ın nümayəndə heyəti, həmçinin Azərbaycan Hərb Tarixi Muzeyini də ziyarət ediblər.