YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Xocalıya ədalət!” kampaniyası çərçivəsində Qardabanidə anım tədbiri keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda anım tədbiri keçirilib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Qardabani rayon rəhbərliyi, səfirliyin nümayəndələri, Azərbaycan və gürcü ictimaiyyətinin təmsilçiləri, məktəblilər iştirak ediblər.

Tədbirin keçirildiyi Dostluq Evinin foyesində Xocalı faciəsini əks etdirən fotostend quraşdırılmışdı.

Dostluq Evinin direktoru Şəmistan Vəliyev tədbiri açdıqdan sonra Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Xocalı faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.

Rayon bələdiyyəsinin sədr müavini Rəfi Orucov, icra hakimiyyəti başçısının müavini Dünyamalı Hacıyev, Nəzərli kənd orta məktəbinin müəlliməsi Vəfa Abdullayeva və başqaları çıxış edərək Xocalı soyqırımının baş vermə səbəbləri, acı nəticələri barədə ətraflı məlumat veriblər. Dünyanın aparıcı ölkələrinin bu faciəyə hələ də hüquqi və siyasi qiymət vermədikləri təəssüflə qeyd olunub. Bildirilib ki, dünyada hökm sürən ikili standartlar və cəzasızlıq erməni qəsbkarlarını daha da azğınlaşdırır, onları daha böyük cinayətlərə sövq edir.

Azərbaycanın Gürcüstandakı səfirinin müavini Dursun Həsənov çıxışında ölkələrimiz arasındakı əlaqələrdən söz açıb, qardaş və dost gürcü xalqının nümayəndələrinin də bu cür tədbirlərdə iştirakının vacibliyini xüsusi qeyd edib. Bildirib ki, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bu il anım tədbirlərinin Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları bütün bölgələrdə keçirilməsi nəzərdə tutulub.

Sonda məktəblilər şeirlər söyləyiblər.