YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə naziri Azərbaycan Gəncləri Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, Zakir Həsənov təbrikdə müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumundan 20 il keçdiyini deyib. Nazir qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin forumdakı tarixi nitqi ilə dövlətimizin yeni gənclər siyasətinin əsası qoyulub və bu istiqamətdə fəaliyyətin məzmun, forma və metodları müəyyənləşdirilib. Ötən 20 il ərzində Azərbaycan gəncliyi həqiqətən mütəşəkkil qüvvəyə çevrilib, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəallıq göstərib. 1997-ci ildə Ulu Öndərimizin “2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” Sərəncamı nəinki gənclərin, eləcə də bütün ölkə vətəndaşlarının böyük ruh yüksəkliyinə səbəb olub.

Diqqətə çatdırılıb ki, bu gün Azərbaycanda həm mənəvi, həm də fiziki cəhətdən sağlam gənclər yetişir. Onlar elm, mədəniyyət, səhiyyə, sənaye və digər sahələrdə uğurlu nailiyyətlər əldə edir, mötəbər idman yarışlarında, Olimpiya Oyunlarında ölkəmizin şərəfini qoruyaraq Azərbaycan bayrağını yüksəklərə qaldırırlar. Azərbaycan Respublikasının təhlükəsizliyini və müdafiəsini təmin etmək kimi müqəddəs vəzifəni yerinə yetirən Silahlı Qüvvələrimizin sıralarında xidmət edən hərbi qulluqçuların əksəriyyəti gənclərdir. Onlar Ulu Öndər Heydər Əliyevin ideyalarına həmişə sadiqdirlər, Vətən, xalq, dövlət qarşısında əsgəri borclarını şərəflə yerinə yetirirlər.

Təbrikdə deyilir: “Əziz gənclərimiz! Siz ölkə rəhbərliyinin daimi diqqət və qayğısı ilə əhatə olunmusunuz. Əsgəri xidmət üçün hər cür şərait yaradılıb. Sizə ən müasir silahlar, döyüş texnikası, təyyarələr, helikopterlər, gəmilər və s. etibar edilib. Siz öz peşəkarlığınızı artırır, silah və texnikadan istifadə etməyin sirlərini dərindən öyrənir, milli mənəvi dəyərlərimizə sədaqət ruhunda formalaşır və ordudan sonra cəmiyyətə əsl vətənpərvərlər kimi inteqrasiya olunursunuz. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev sizin xidmətlərinizi yüksək qiymətləndirərək deyib: “Orduda xidmət edən gənclər bizim dəyərli vətəndaşlarımızdır. Onlar Vətəni qoruyurlar, düşmənlə üzbəüz mövqedə dayanırlar. Azərbaycanın müstəqilliyini qoruyur və möhkəmləndirirlər”. Xalqımız sizə inanır, siz isə bu inamı, bu etimadı layiqli xidmətinizlə doğruldursunuz”.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə ünvanlanan “Sizin ən ümdə vəzifəniz Vətənə, ölkəmizə, doğma torpağımıza daim sədaqətli olmaqdır. Heç bir gənc bunu heç vaxt unutmamalıdır. Vətənə, xalqına, ölkəsinə, dövlətinə sədaqət hər bir gənci daim yaşadacaq və ona cəmiyyətdə özünə layiq, özü istədiyi yeri tutmağa imkan verəcəkdir”, - sözlərini diqqətə çatdıran nazir təbrik məktubunda daha sonra bildirib: “Sizə möhkəm cansağlığı, uzun ömür, ailə xoşbəxtliyi, doğma Azərbaycanımızın ərazi bütövlüyünün təmin olunması, işğal edilmiş torpaqlarımızın azadlığı uğrunda mübarizədə qələbələr qazanmağı və gənclik həvəsi ilə bundan sonra da Vətənə ləyaqətlə xidmət etməyi arzulayıram”.