YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Rəhimov: Azərbaycanda keçirilən beynəlxalq idman yarışları həm də multikulturalizm prinsiplərinə sadiqliyin göstəricisidir

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmiz və cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edən bir sıra aktual məsələlərə münasibət bildirib. O cümlədən, idmanın daha da inkişaf etdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib. Gənclər və idman naziri Azad Rəhimov AZƏRTAC-a müsahibəsində idman sektorunda mövcud vəziyyətdən və qarşıda duran vəzifələrdən bəhs edib.

Azad Rəhimov: “Prezident ölkəmizin ötən ilin yekunları və qazanılan uğurlar barədə danışarkən “Bakı-2015” birinci Avropa Oyunlarını xüsusi vurğulayaraq, onu tarixi hadisə adlandırıb. Bu mötəbər beynəlxalq tədbirin yüksək səviyyədə təşkil edilməsi, eyni zamanda, Azərbaycanın gücünü, iqtisadi inkişafını və idman ölkəsi olduğunu nümayiş etdirdi.” – deyə qeyd edib.

Azad Rəhimov İlk Avropa Oyunlarının əhəmiyyətindən danışarkən qeyd edib ki, “Bakı-2015”in Əməliyyat Komitəsində 1450 azərbaycanlı (bu, işçi heyətinin 70 faizini təşkil edirdi) xarici peşəkarlardan işin incəliklərini öyrənib. Eyni zamanda, 8 min təhlükəsizlik və 6500-dən artıq tibb işçisi Oyunların yüksək səviyyədə keçirilməsi üçün əllərindən gələni əsirgəməyib. 2500-dən çox işçi və daha 20 mindən artıq podratçı Oyunlara xidmət edib. Bu da layihəyə cəlb olunan hər bir insanın potensialını nümayiş etdirmək, imkan və bacarıqlarını artırmaqla bərabər, sosial vəziyyətinin yaxşılaşmasına, yeni iş yerlərinin təklif olunmasına şərait yaradıb: “Avropa Oyunlarının gənclərin peşəkar kadr kimi yetişməsində də çox böyük rolu olub: 12 min 500 könüllü beynəlxalq təcrübədən yararlanmaqla, gələcəkdə özlərinə yeni iş yerlərini də təmin ediblər. Həmçinin 162 azərbaycanlı gələcəkdə keçiriləcək tədbirlər üçün yerli miras təmin edən Oyunlar Akademiyası proqramının məzunu olub. Bu isə Prezident İlham Əliyevin xüsusi vurğuladığı maddi resursların insan kapitalına çevrilməsi istiqamətində atılan addımların nəticəsidir.

2016-cı ildə bizi Dünya Şahmat Olimpiadası, “Formula-1” üzrə Avropa Qran-pri yarışları, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunları gözləyir. İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın da qeyd etdiyi kimi, idman təkcə yarış deyil, eyni zamanda, böyük mədəniyyət bayramı olmaqla bərabər, ölkəmizin tolerantlıq və multikulturalizm prinsiplərinə sadiqliyinin bariz nümunəsidir.”

Azad Rəhimov bildirib ki, IV İslam Həmrəylik Oyunlarının 2017-ci ilin mayında keçirilməsi nəzərdə tutulur. Bu Oyunlarda 57 ölkənin nümayəndələrinin iştirakı gözlənilir. İlkin razılaşmalara əsasən, 20 idman növü üzrə keçiriləcək yarışlara 5 mindən çox idmançı qatılacaq.

“Bakı-2015” ilk Avropa Oyunlarının ölkəmiz üçün qoyduğu miraslardan biri də idman obyektləridir. Belə ki, IV İslam Həmrəylik Oyunları həmin idman obyektlərində - Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, "Baku Crystall Hall", Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, “Bakcell Arena”, Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzində keçiriləcək.

Beləliklə, ilk Avropa Oyunlarına hazırlıq mərhələsində yenidən qurulan və əsaslı bərpa edilən bütün idman arenalarından istifadə olunacaq. Yeni idman obyektinin tikintisinə heç bir ehtiyac yoxdur və nəzərdə tutulmur. Eyni zamanda, IV İslam Həmrəyliyi Oyunlarında əməliyyat heyətinin işini təmin etmək üçün 3000-dən çox müxtəlif adda informasiya texnologiyaları avadanlığı - kompüter, skaner, printer, server və digər vasitələr də istifadəyə tam yararlı vəziyyətdədir.

Dünyanın iqtisadi böhran, savaşlar içərisində olduğu bir vaxtda Azərbaycanda keçirilən müxtəlif tədbirlər, o cümlədən gələn il təşkil olunacaq IV İslam Həmrəylik Oyunları dövlətimizin başçısının da qeyd etdiyi kimi, müsəlman aləmində əlaqələrin daha da yaxınlaşması, münaqişələrə son qoyulması, əməkdaşlıq üçün daha yaxşı zəminin yaradılması məqsədi daşıyır. Qazandığımız hər bir uğurun, o cümlədən idman nailiyyətlərinin əsasında Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət, yaranmış sabitlik, xalqla, iqtidar arasında möhkəmlənən birlik dayanır.