YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisdə “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsi qəbul olunacaq

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclası keçirilib. İclasda komitələrin sədrləri, üzvləri, Daxili İşlər Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri iştirak ediblər.

İclasın gündəliyinə 6 məsələ - “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsi, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi, “Dini etiqad azadlığı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, “Polis haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə olunub.

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov V çağırış Milli Məclisin ilk komitə iclasını açaraq, seçkilərdə qalib gəlmiş millət vəkillərini təbrik edib. O, gündəlikdə olan məsələlər haqqında məlumat verərək bildirib ki, Milli Məclisə paket şəklində daxil olan qanun layihələri günün tələblərini əks etdirir. S. Novruzov vurğulayıb ki, regionda və ölkəmizdə baş verən hadisələr göstərir ki, “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsinin qəbul olunmasına və digər bir neçə qanun layihələrinə əlavə və dəyişikliklər edilməsinə ehtiyac var: “Sözügedən qanunlar xaricdən ixrac olunan hərəkətlərin qarşısını almaq üçün də zəruridir. Bəzi ölkələr öz ideyalarını Azərbaycanda din pərdəsi altında həyata keçirmək istəyirlər. Onlar insanların inanclarından istifadə edir, burada başqa ölkələrin modelini yaratmaq istəyirlər. Sözügedən qanunlar belə hallar ilə mübarizə aparmaq üçün önəmlidir”.

Komitə sədri deyib ki, hər kəs qanun qarşısında eynidir. O qeyd edib ki, dini ekstremizmlə məşğul olanlar ciddi cəzalandırılmalıdır. “Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir və heç bir qüvvə ölkəmizin inkişafına mane ola bilməyəcək”- deyə, S.Novruzov vurğulayıb.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli müzakirəyə təqdim olunmuş qanun layihələrinin önəmindən danışıb. O, dini ekstremistlərə qarşı ictimaiyyətdə böyük narahatlıq yarandığını, insanların parlamentə çoxsaylı müraciət etdiklərini, dövlətin və ölkəmizin təhlükəsizliyi baxımından müzakirə olunan qanun layihələrinin mühüm olduğunu vurğulayıb.

Sonra gündəlikdə olan qanun layihələri haqqında məlumata verilib. Bildirilib ki, “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsi Azərbaycanda dini ekstremizmə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını müəyyən edir, dini ekstremizm əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının və vətəndaşların hüquq və vəzifələrini təsbit edir.

 Millət vəkilləri qanun layihələrini müzakirə edərək təkliflər veriblər. Sonda qanun layihələri  Milli Məclisin plenar iclasına tövsiyə edilib.