YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar strategiyası ilə Azərbaycan daha möhtəşəm uğurların ünvanına çevriləcək

   Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə

- Əhməd müəllim, məlum olduğu kimi, meliorasiya və su təsərrüfatı ölkə iqtisadiyyatının aparıcı sahələrindən biri olaraq, xüsusilə kənd təsərrüfatının inkişafında, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm rol oynayır. Ölkəmizdə bu sahədə görülən işlər, əldə edilən nailiyyətlər barədə nə deyə bilərsiniz?

- Azərbaycan nümunəvi inkişaf modelinə malik olan bir ölkə kimi fərqlənməkdədir. Son illərin davamlı inkişafı sayəsində Azərbaycan regionun lider dövləti səviyyəsinə yüksəlib. Bunun nəticəsidir ki, bölgədə Azərbaycanın təşəbbüsü və fəal iştirakı olmadan hər hansı beynəlxalq layihəni reallaşdırmaq mümkün deyil. Ölkəmiz, eyni zamanda, müntəzəm olaraq qlobal miqyasda yeni-yeni əməkdaşlıq platformaları ilə çıxış edir ki, bunun da sayəsində respublikamızın beynəlxalq nüfuzu və təsir imkanları əhəmiyyətli dərəcədə artıb. Bu gün müstəqil Azərbaycanın nüfuzlu regional və qlobal faktora çevrilməsinin isə obyektiv əsasları var.

Azərbaycan təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və son 13 ildə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi məqsədyönlü siyasət sayəsində ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atılıb. İqtisadi müstəqillik Azərbaycanın çox mühüm perspektivlərə malik ölkə kimi dinamik inkişafını təmin edir. Təbii ki, hər bir ölkənin iqtisadi inkişafını şərtləndirən amillər sırasında ümumi daxili məhsul istehsalının artması mühüm faktor qismində çıxış edir. Bu mənada kifayət qədər ciddi qlobal risklərlə müşayiət olunan indiki zamanda ölkəmizdə iqtisadiyyatın davamlı olaraq genişlənməsi və ÜDM istehsalında artıma nail olunması böyük nikbinlik doğurur. Son 13 ildə dünya miqyasında ÜDM istehsalında ən yaxşı göstərici məhz Azərbaycanda qeydə alınıb. Belə ki, 2004-cü ildən bu günə qədər ümumi daxili məhsulumuz 3,4 dəfə artıb. Baxmayaraq ki, son illər ərzində qlobal miqyasda  yaşanan maliyyə və iqtisadi kataklizmlər bütün dünya ölkələrində həm iqtisadi sahədə, həm maliyyə sektorunda və bunun məntiqi nəticəsi olaraq həyatın bütün sahələrində bir sıra ciddi problemlər  qarşıya çıxarmışdır. Azərbaycan 2008 –ci ildən başlanan qlobal maliyyə və iqtisadi böhranın ağır fəsadlarından özünü qoruya bilmişdir. Bu gün isə Azərbaycan üzləşə biləcəyi fəsadlardan sığortalanmaq üçün inqilabi sayıla biləcək coxşaxəli islahatlara start vermişdir.

Əvvəlçədən onu qeyd edim ki, təmsil etdiyim meliorasiya və su təsərrüfatı sistemi də ölkə iqtisadiyyatının ayrılmaz bir parçası olaraq, həm qazanılmış nailiyyətlərdə öz payı olan  sahə, eyni zamanda başlanmış genişmiqyaslı islahatların ünvanına çevrilmişdir.

Ölkəmizdə meliorasiya və irriqasiyanın inkişafı, bu sahədə aparılan islahatlar, böyük quruculuq işləri, geniş meliorasiya potensialının yaradılması və perspektiv proqramların qəbul edilməsi dünya siyasətinin tanınmış lideri, müdrik və uzaqgörən siyasətçi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin yorulmaz fəaliyyətinin, zəhmət və siyasətinin bəhrəsi olmuşdur. Respublikada kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasının meliorasiya və su təsərrüfatı sahəsini inkişaf etdirmədən mümkün olmadığını böyük uzaqgörənliklə qeyd etmiş və "Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik" sözlərini tarixə yazmış müdrik şəxsiyyət, Ulu öndərimiz Heydər Əliyev bu sahəni daim diqqət mərkəzində saxlamış, onun inkişafına xüsusi əhəmiyyət vermişdir.

Müstəqillik dövrünün ilk illərində ölkədə bütün sahələrdə olduğu kimi, meliorasiya və su təsərrüfatı sahəsində də böhranlı vəziyyət hökm sürürdü. Böyük zəhmət və küllü miqdarda vəsait hesabına yaradılmış qurğular, suvarma sistemləri qəza halına düşmüşdü, sahənin fəaliyyətinə və inkişafına ayrılan sərmayənin həcmi heçə endirilmişdi.

1993-cü ildə Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə meliorasiya və su təsərrüfatı sahəsi öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Bu sahəyə diqqət və dövlət qayğısı bərpa olundu, mövcud meliorasiya potensialının dağıdılmasının qarşısı alındı, ondan daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Ölkə iqtisadiyyatında yaranmış gərginliyə baxmayaraq, hər il meliorasiya su təsərrüfatı sistemlərinin istismarına müəyyən miqdarda vəsait ayrılaraq təmizləmə işləri həyata keçirildi və bu vəsaitin həcmi ilbəil artırıldı.

Heydər Əliyevin qısa bir müddətdə həyata keçirdiyi titanik işlər bütün dünyanı heyran qoydu. Daxildən və  xaricdən törədilən əngəllərə baxmayaraq, az vaxt ərzində ölkədə sabitlik yaradıldı. Əsas milli sərvətimiz sayılan yanacaq ehtiyatları hərəkətə gətirildi, dünyanın aparıcı ölkələrinin güclü maliyyə imkanlarına malik şirkətləri ilə 30 il müddətinə “Əsrin müqaviləsi” bağlanıldı və beləliklə, iqtisadiyyatın bütün sahələrində islahatlara geniş meydan açıldı.

Aqrar sahədə aparılan islahatlarla paralel olaraq meliorasiya və su təsərrüfatında da islahatların aparılmasına başlanıldı. İlk növbədə islahatların normativ hüquqi bazası yaradıldı. Bu məqsədlə 30-dan artıq normativ hüquqi sənəd hazırlandı. 1996-cı ildə “Meliorasiya və İrriqasiya haqqında”, 1997-ci ildə “Azərbaycan Respublikasının Su Məcəlləsi”, 2003-cü ildə “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” qanunlar qəbul edildi.

“Meliorasiya və İrriqasiya haqqında”  qanunla meliorasiya və irriqasiya sahəsində fəaliyyətin  əsas istiqamətləri və prinsipləri, meliorasiya və  irriqasiya obyektlərinin mülkiyyət hüququ müəyyənləşdirildi. Azərbaycan Respublikasının “Su Məcəlləsi” ölkəmizdə  su münasibətlərinin tənzimlənməsi yolunda uğurlu bir addım olmuşdur.

- Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar və onun uğurlarından bəhs edərkən meliorasiya və su təsərrüfatı sistemini nəzərə almamaq olmaz. Bu sahə ölkə iqtisadiyyatının, xüsusilə kənd təsərrüfatının inkişafında, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatının həllində mühüm rol oynayır...

- Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial- iqtisadi inkişaf strategiyasının inamla həyata keçirilməsi və yeni çalarlarla zənginləşdirilməsi respublikamızın müasir inkişaf səviyyəsini müəyyən etmişdir. Ötən illər ərzində iqtisadiyyatın şaxələndirilməsi, makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşdirilməsinə dəstək verən siyasətin dərinləşməsi qeyri- neft sektorunun inkişafı ilə yadda qalmışdır. Azərbaycan davamlı inkişafa nail olan islahatçı dövlət kimi öz reytinqini bir qədər də möhkəmləndirdi və bütün bunlar tanınmış beynəlxalq qurumların hesabatlarında öz dolğun ifadəsini tapmışdır. Belə ki, aparılan islahatlar beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilmişdir.

Ötən 13 il ölkə həyatı üçün strateji əhəmiyyət daşıyan inkişaf proqramlarının hazırlanması və  işlək mexanizmlər əasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah prosesinin geniş vüsət alması ilə səciyyəvidir. Respublikanın investisiya və sosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri- neft sektorunun  inkişafı yolu ilə  regionların balanslı  və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial- rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması üçün milli sahbkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva etmişdir. Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyaın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri- neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, respublikada güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqət çəkmişdir. Bunun nəticəsidir ki, ötən 13 il ərzində müstəqil Azərbaycan iqtisadi cəhətdən möhkəmlənmiş, qüdrətlənmiş, sosial- iqtisadi yüksəliş ilk növbədə insanların gündəlik həyatında özünü daha qabarıq büruzə vermişdir. Regionların sosial- iqtisadi inkişafına xidmət edən dövlət proqramları bölgələrə sərmayə qoyuluşlarının həcmini əhəmiyyətli dərəcədə artırmışdır.

- Əhməd müəllim, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin ilin yekunlarına həsr edilmiş hər bir iclasında etdiyi proqram xarakterli çıxışı digər sahələr kimi, meliorasiya və sü təsərrüfatı sahəsində də görülən işlərin fonunda perspektivlərin müəyyənləşdirilməsində , eləcə də yeni şəraitə uyğun strategiyanın müəyyənləşməsi və islahatların keçirilməsində əsas rol oynayır. Bu sahədə görülmüş işlərə  bir nəzər salmağınızı istərdik...

- Prezident İlham Əliyevin bu sahəyə diqqəti  və yaxından köməkliyi sayəsində bir çox layihələr başa çatdırılmış, bəzi layihələr uğurla davam etdirilir, bir çoxlarının isə həyata keçirilməsinə başlanılmışdır. Möhtərəm Prezidentimiz meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatındakı, regionların sosial-iqtisadi inkişafındakı və ölkənin ərzaq problemlərinin həllindəki rolunu nəzərə alaraq, sahənin inkişafını daim diqqət mərkəzində saxlayır, meliorasiya və su təsərrüfatı obyektlərində tikinti işləri ilə şəxsən tanış olur, obyektlərin təməlqoyma və istifadəyə verilməsi mərasimlərində iştirak edir.

Belə ki, Möhtərəm Prezidentimizin 2007-ci il noyabr ayının 8-də Taxtakörpü,  2009-cu ilin may ayının 25-də Şəmkirçay su anbarlarının SES-lə birlikdə təməlqoyma, 2010-cu ilin aprel ayının 29-da Cəlilabad rayonunda tikintisi başa çatdırılmış Göytəpə su anbarının və 15 avqust 2011-ci il tarixində Vəlvələçay-Taxtakörpü kanalının 10,7 km-lik birinci mərhələsinin açılış mərasimlərində iştirak etməsi, Taxtakörpü su anbarında tikintinin gedişi ilə tanış olaraq tikinti işlərinin yuksək keyfiyyətlə başa çatdırılması üçün tapşırıqlar və tövsiyələrini verməsi bunun bariz sübutudur. 2011-ci ilin noyabr ayının 16-da Qax rayonunda  Hamamçay çayı üzərində tikilmiş körpünün açılış mərasimində iştirak etməsi və İlisu kəndinin sel və daşqın sularından mühafizəsi üzrə aparılan sahilbərkitmə işləri ilə tanış omlası, 2013-cü ilin iyulun 19-da Dövlət Neft Fondunun vəsaiti hesabına tikintisi başa çatdırılmış Vəlvələçay-Taxtakörpü kanalının ikinci mərhələsinin istifadəyə verilməsi və Taxtakörpü su anbarının su ilə doldurulmasına başlanılması, iyul ayının 18-də Siyəzən, 19-da Şabran şəhərlərində, 14 avqust tarixində İsmayıllı və 4 sentyabr tarixində Yardımlı şəhərlərində içməli su xəttinin və kanalizasiya şəbəkəsinin, sentyabr ayının 28-də Taxtakörpü su anbarının (su elektrik stansiyası ilə birlikdə) və ondan su götürən Taxtakörpü-Ceyranbatan kanalının, 15 noyabr  2014-jü il  tarixində Şəmkir  rayonu ərazisində Şəmkirçay su anbarının (su elektrik stansiyası ilə birlikdə)  açılış, 04 sentyabr 2015-ji il tarixində Xızı rayonunda yeni suvarılajaq torpaqlara Taxtakörpü- Jeyranbatan kanalından suvarma suyunun,  17 sentyabr 2015-ji il tarixində Ağsuya içməli suyun verilməsi, 16 fevral 2016-jı il tarixində Tovuzçay su anbarının, 03 sentyabr 2016-jı il tarixində Masallı şəhərinin içməli su xəttinin və kanalizasiya şəbəkəsinin açılış  mərasimlərində iştirak etməsi də cənab Prezidentin ölkədə meliorasiya və su təsərrüfatı sisteminin inkişafına olan ardıcıl qayğısından xəbər verir.

Dövlətimizin başçısının sahəyə diqqət və qayğısının nəticəsi olaraq son  illərdə sahəyə əsaslı kapital qoyuluşu  dəfələrlə   artmışdır. Bunun nəticəsində 2003- 2015-ci illərdə  mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşmış, sahənin maddi- texniki bazası gücləndirilmiş, 2000-dən artıq maşın və mexanizmlər alınmış, 3475 km suvarma kanallarının, 2022 km kollektor-drenaj  şəbəkələrinin bərpası, yenidənqurulması və tikintisi işləri həyata keçirilmiş, 284,8 min hektar sahədə suvarılan torpaqların su təminatı və 217,9 min hektar sahədə meliorativ vəziyyəti yaxşılaşdırılmış, 42,7 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 1194 ədəd subartezian quyusu qazılmış, sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 km-dən artıq sahilbərkitmə, bəndlərin möhkəmləndirilməsi, hündürləndirilməsi işləri həyata keçirilmişdir.

Bu illərdə meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi sahəsində müvafiq tədbirlər həyata keçirilmişdir. Hər il 11-12 min km suvarma kanallarında, 3-3,5 min km kollektor- drenaj şəbəkələrində 50- 55 mln.kbm həcmində lildən təmizləmə işləri aparılır. Bu istiqamətdə 2000-2015-ci illərdə suvarma kanallarında və kollektor- drenaj şəbəkələrində 723,5 mln.kbm təmizləmə, çay məcralarında 197,7 mln. kbm tənzimləmə işləri yerinə yetirilmişdir.

Eyni zamanda mühüm dövlət əhəmiyyətli su təsərrüfatı obyektlərində, Yuxarı Xanbulançay su anbarının qülləli suburaxıcı qurğusunda, Ağstafaçay sağ və sol sahil magistral kanallarında, Mil-Muğan və Samurçay hidroqovşaqlarının aşağı byefində, Türyançay hidroqovşağında, Yuxarı Qarabağ kanalının İncəçay çayı ilə kəsişməsindəki sutullayıcı qurğusunda, Yuxarı Şirvan kanalının Türyançay və Girdimançay dükerlərində, Şəmkir Maşın kanalının  I və II pillə nasos stansiyalarında, Göygöl rayonunda Gəncəçay baş suqəbuledici qurğusunda, Zərdab, Kürdəmir, Ağsu, İmişli, İsmayıllı, Yevlax, Şamaxı və Xızı rayonlarının ərazisindəki nov kanallarda, ayrı-ayrı rayonların qış otlaq sahələrində yerləşən boru kəmərlərində, dağ çaylarında mövcud olan kilometrlərlə daş-beton mühafizə bəndlərində, suvarma kanallarında və bir sıra digər obyektlərdə əsaslı təmir, bərpa və yenidənqurma işləri həyata keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasının Babək, Şahbuz və Culfa rayonlarında yeni torpaqların suvarılması və mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə ümumi sututmu 100 mln. kub metr olan Vayxır su anbarının gücü 4,7 MVt olan SES-lə tikintisi  2005-ci ildə başa çatdırılmışdır.

Respublikanın 500 min hektar suvarılan sahələrindən duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını təmin edən Baş Mil- Muğan kollektorunun tikintisi 2006-cı ildə başa çatdırılaraq Mil- Qarabağ kollektoru ilə birləşdirilmişdir. Bunun nətijəsində Baş Şirvan kollektorunun yüklənməsi xeyli azalmışdır ki, bu da öz növbəsində Şirvan bölgəsində suvarılan torpaqların meliorativ vəziyyətinə  və Baş Şirvan kollektorunun iş reciminə   müsbət təsir göstərmişdir.

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu «Samur-Abşeron suvarma sisteminin yenidənqurulması layihəsi»ndə nəzərdə tutulan işlər Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənabları tərəfindən  uğurla davam etdirilir. O, 2004-cü ilin iyun ayında Quba-Xaçmaz bölgəsinə səfəri zamanı Samur-Abşeron suvarma sisteminin yenidənqurulması layihəsində həyata keçirilən işlərlə, o cümlədən  Xanarx kanalının tikintisi ilə tanış olmuş və bu işlərin gedişindən razı qalmışdır. Bu işlərin gələcəkdə yüksək keyfiyyətlə davam etdirilməsi üçün müvafiq tapşırıqlarını vermişdir.

Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev cənablarının sədrliyi ilə 01 sentyabr 2005- ci il tarixində respublikamızda su təchizatı və meliorasiya sahəsində görülən işlər və perspektiv layihələrlə bağlı keçirilmiş müşavirədə  Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının əhalisinin su təchizatının yaxşılaşdırılmasında «Samur-Abşeron suvarma sisteminin yenidənqurulması layihəsi»nin mühüm  əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq bəyənilmiş və  bu işlərə Dövlət Neft Fondunun büdcəsindən vəsait ayrılması barədə göstəriş verilmişdir.

“Samur- Abşeron  suvarma  sisteminin  yenidənqurulması” layihəsi tərkibində 67,2 km uzunluğunda Xanarx kanalının tikintisi İslam İnkişaf Bankının maliyyələşdirməsi ilə 2006-cı ildə başa çatdırılmışdır. Xanarx kanalının istifadəyə verilməsi ilə respublikanın şimal zonasında yerləşən Qusar, Xaçmaz və Şabran rayonlarında 62,6 min hektar ərazidə sahələrin suvarma suyu ilə təminatı yaxşılaşdırılmışdır. Eyni zamanda Dünya Bankının krediti ilə Samur çayı üzərində yerləşən Baş Suqəbuledici qurğunun bərpası, Samur çayı yaxınlığında Baş  su durulducunun tikintisi, Samur-Abşeron kanalının ilk 50 km-lik hissəsinin və bu hissədə yerləşən uzunluğu 185,7 km olan təsərrüfatlararası kanalların yenidənqurulması işləri 2007-ci ildə başa çatdırılmışdır.

İslam İnkişaf Bankının, Səudiyyə İnkişaf və OPEK Beynəlxalq İnkişaf  Fondlarının kreditləri hesabına Samur-Abşeron kanalının 50-ci km-dən  suyun Taxtakörpü su anbarına verilməsi  məqsədi ilə  ümumi uzunluğu 31,77 km, suburaxma qabiliyyəti saniyədə 75 kbm olan Vəlvələçay-Taxtakörpü kanalının tikintisinə 2008-ci ildə başlanılmışdır. Bu kredit hesabına kanalın 10,74 km uzunluğunda birinci hissəsinin tikintisi 2011-ci ildə,  Dövlət Neft Fondunun vəsaiti hesabına onun 21,03 km-lik  2-ci  hissəsinin,   ümumi sututumu 268,4 mln. kbm olan Taxtakörpü su anbarının 25 MVt  SES-lə birlikdə və ümumi uzunluğu 107,93 km və sərfi saniyədə 40 kbm  olan Taxtakörpü-Ceyranbatan kanalının   tikintisi  2013-cü ildə başa çatdırılmışdır. 

- Əhməd müəllim, Prezident İlham Əliyev su təsərrüfatına aid nəhəng lahiyələrdən birinin açılış mərasımındə belə bir ifadə işlətmişdir: “Vaxt gələcək su resursları uğrunda mübarizə daha da kəskinləşəcəkdir. Biz artıq bu mübarizənin təzahürlərini görməkdəyik. Belə olan halda su təhlükəsizliyi Azərbaycanda tam şəkildə təmin edilməlidir.” Bəs bu gün Azərbaycanda su təhlükəsizliyi nə dərəcə də təmin edilib. Bu sahədə hansı işlər görülüb?

- Möhtərəm Prezidentimiz İlham Əliyev respublikamızın iqtisadiyyatında, ölkənin su təhlükəsizliyinin təmin olunmasında Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisinin, bu istiqamətdə həyata keçirilən digər layihələrin əhəmiyyətini xüsusi olaraq qeyd etmişdir: «Bu  gün dünyada daha çox neft-qaz resursları uğrunda mübarizə aparılır və xoşbəxtlikdən Azərbaycan bu resurslardan xalqın rifahı, ölkənin inkişafı naminə səmərəli şəkildə istifadə edir. Amma vaxt gələcək su resursları uğrunda mübarizə daha da kəskinləşəcəkdir. Biz artıq bu mübarizənin təzahürlərini görməkdəyik. Belə olan halda su təhlükəsizliyi Azərbaycanda tam şəkildə təmin edilməlidir. Taxtakörpü su anbarı və Samur- Abşeron suvarma sistemi, Şəmkirçay su anbarı, ölkədə icra edilən su layihələri bu məqsədə xidmət edir.».

Taxtakörpü su anbarının tikintisi ilə əlaqədar 30 min hektara yaxın yeni suvarılan torpaqların kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsinin sürətləndirilməsi barədə Möhtərəm Prezidentimizin  verdiyi tapşırıqların icrası olaraq 2015-ci ildə Xızı rayonunda umumi 7111 hektar (5400 ha yeni suvarılan), Siyəzən rayonunda isə 3204 hektar (2539 ha yeni suvarılan) sahədə meliorativ tədbirlər başa çatdırılmışdır. Bu da yeni istifadəyə veriləcək 7939 hektar sahədə iri kənd təsərrüfatı müəssisələrinin yaradılmasına imkan yaratmışdır. Eyni zamanda şimal zonasının 6 çayından Samur-Abşeron kanalına əlavə 320 mln.kbm su verilməsi üçün tikinti işləri davam etdirilərək Caqacuqçay,  Qudyalçay və  Qusarçay çaylarında bu işlər tamamlanmışdır. Növbəti illərdə isə daha 3 çayda bu işlər davam etdiriləcəkdir.

Ölkəmizin su təhlükəsizliyi sahəsində strateji əhəmiyyətə malik olan Taxtakörpü su anbarının 2013-cü ildə istifadəyə verilməsi nəticəsində son illərdə yay mövsümündə Samur sərhəd çayında su ehtiyatlarının kəskin azalmasına baxmayaraq, anbarda toplanan su hesabına Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının əhalisinin, sənayesinin və kənd təsərrüfatının su  təminatında yarana biləcək  çətinliklərin qarşısının alınması  mümkün olmuşdur.

Azərbaycanın gələcək inkişafı üçün əvəzolunmaz nəhəng infrastruktur layihəsi olan və 15 noyabr 2014-cü il tarixində ölkə başçısının iştirakı ilə açılış mərasimi keçirilmiş Şəmkirçay su anbarının Su Elektrik Stansiyası ilə birgə istifadəyə verilməsi ilə Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarının 54 min hektar torpaq sahələrinin su təminatının yaxşılaşdırılması, 17 min hektar yeni suvarılan sahələrin istifadəyə verilməsi, eləcə də Gəncə və Şəmkir şəhərlərinin, Samux rayonunun əlavə içməli su ilə təmin edilməsi və  ildə 56 milyon kvt elektrik enerjisinin istehsal edilməsi mümkün olacaqdır.

2015-ci ildə isə Şəmkirçay su anbarı zonasında  əkin sahələrini suvarma suyu ilə təmin edəcək 60,5 km uzunluğunda magistral kanalların tikinti işləri başa çatdırılaraq istifadəyə verilmişdir. Bu kanallardan  Şəmkir və Göygöl rayonlarının əkin sahələrinə suvarma suyunun verilməsi üçün paylayıcı kanalların, Goranboy rayonunun 26 min hektara (ondan 8,3 min hektar yeni suvarılan torpaqlar) yaxın torpaq sahələrini suvarma suyu ilə təmin etmək  məqsədi ilə uzunluğu 27,9 km olan Şəmkir maşın kanalının 2- ci növbəsinin  tikintisi işlərinə başlanılmışdır.

Dünya Bankının krediti ilə həyata keçirilən «Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi» üzrə işlər uğurla davam etdirilmiş, layihə üzrə 15 rayonda  85 min hektar  ərazidə təsərrüfatdaxili suvarma və drenaj şəbəkələrinin bərpası, yenidənqurulması nəzərdə tutulsa da, hazırda layihənin başa çatmamasına baxmayaraq, artıq 105 min hektara yaxın sahədə suvarma və drenaj şəbəkələrinin bərpası, yenidənqurulması işləri yerinə yetirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq  Sərəncamları ilə ehtiyat fondundan ayrılan vəsait hesabına 2013-2015-cı illərdə əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin  içməli suya olan tələbatının ödənilməsi üçün respublikanın əhalisi 1,1 milyon nəfərdən çox olan 35 şəhər və rayonunun 458 yaşayış məntəqəsində 657 subartezian quyusu qazılmışdır.

Dünya Bankının krediti hesabına respublikanın 8 rayonunda içməli su təchizatı və kanalizasiya sistemləri  infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmiş, Ağsu, İsmayıllı, Siyəzən, Şabran, Yardımlı və Masallı rayonlarında içməli su və kanalizasiya xətlərinin tikintisi başa çatdırılmışdır.

2016-cı ildə və ölkə başçısının açılış mərasimində iştirak etdiyi Tovuz və Şəmkir rayonlarının  20000 hektara yaxın əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və yeni suvarılacaq torpaqların istifadəyə verilməsinə imkan yaradan və ümumi sututumu 20 milyon kbm olan Tovuzçay su anbarı istifadədəyə verilmişdir.

Eyni zamanda Möhtərəm Prezidentimizin pambıqçılığın, taxılçılığın, tütünçülüyün inkişaf etdirilməsi ilə əlaqədar verdiyi tapşırıqların icrası olaraq,  bu sahənin inkişafında çox mühüm rol oynayan  layihələr üzrə  tikinti işləri davam etdirilir və yeni layihələrin icrasına başlanılmışdır.  Xızı, Siyəzən və Şabran rayonlarında meliorativ tədbirlər cari ildə davam etdirilməklə 6167 hektar, o cümlədən 4427 hektar yeni suvarılan torpaqların  isifadəyə verilməsi və 1740 hektar sahənin su təminatının yaxşılaşdırılması təmin ediləcəkdir. Şəmkirçay su anbarı zonasında Şəmkir maşın kanalının 2-ci növbəsinin tikintisini davam etdirməklə Goranboy rayonunda 8000 hektar (onun 980 hektarı yeni suvarılan torpaqlar) sahəyə suvarma suyunun çatdırılması, Göygöl rayonunda isə 1873 hektar (onun 700 hektarı  yeni suvarılan torpaqlar) sahədə suya qənaətedici və mütərəqqi suvarma texnikasının tətbiqinə  geniş imkan yaradan  müasir qapalı suvarma şəbəkəsinin tikintisi işləri cari ildə başa çatdırılacaqdır.

Neftçala rayonunda 19020 hektar (ondan 5620 hektar yeni suvarılan) torpaq sahəsinə suvarma suyunun çatdırılmasını təmin edəcək Neftçala magistral kanalının, Ağcabədi rayonunun 7737 hektar qış otlaq sahələrinə  suvarma suyunun verilməsi üçün Yuxarı Mil kanalının tikintisi davam etdirilir. Sabirabad və Biləsuvar rayonlarında 15950 hektar az məhsuldar qış otlaq sahələrinə Kür çayından suvarma suyunun verilməsi məqsədilə nasos stansiyasının tikintisi işlərinə başlanılmışdır. Eyni zamanda Sabirabad (11498 hektar), eləcə də işğal ərazisi ilə təmas və sərhəd zonalarında yerləşən Füzuli, Qazax, Tovuz və digər rayonların torpaqlarını suvarma suyu ilə təmin etmək üçün nasos stansiyalarının və suvarma kanallarının tikintisi işləri aparılır. Salyan rayonunda 12589 hektar az məhsuldar qış otlaq sahələrində meliorativ tədbirlərin layihə sənədləri hazırlanır.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr  2015-ci il tarixli 1628  nömrəli və  01 iyun 2016-cı il tarixli 2189 nömrəli Sərəncamları ilə respublikanın 40 şəhər və rayonunun 148 yaşayış  məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün  300 ədəd subartezian quyusunun yerləri seçilərək layihə sənədlərinin hazırlanması işləri aparılmış  və qazma işlərinə başlanılmışdır. Hal-hazırda 152 ədəd subartezian quyusunda qazma işləri tamamlanmışdır.

Ölkəmizin su təhlükəsizliyinin təmin edilməsi barədə ölkə başçısının verdiyi tapşırıqların icrası olaraq  ümumi sututumu 115 milyon kbm olan Əlicançay su anbarının tikintisinin layihə sənədlərinin hazırlanmasına başlanılmışdır. Bu su anbarının tikintisi ilə Şəki rayonunun 16100 hektar (onun 10500 hektarı yeni suvarılan torpaqlar) torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsinə, Oğuz-Qəbələ-Bakı su kəmərinə əlavə su verilməsinə imkan yaranacaqdır. Eyni zamanda ölkənin Şəki-Zaqatala zonasında layihə sənədləri hazır olan Yengicə su anbarının tikintisi ilə 10000 hektar  (onun 6662 hektarı yeni suvarılan torpaqlar) sahədə torpaqların suvarma suyu ilə təmin edilməsi mümkün olacaqdır.

2016-cı ildə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə  65000 ha sahənin su təminatı yaxşılaşdırılacaq, 16000 ha yeni    suvarılacaq sahələr suvarma suyu ilə təmin ediləcəkdir.

- Əhməd müəllim, 2016-cı ildə rəhbərlik etdiyiniz qurumun fəaliyyəti – görülən işlər və real nəticələr, eləcə də qarşıda duran vəzifələr haqqında nə deyə bilərsiniz?

- Həyata keçirilmiş ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində mövcud meliorasiya və  irriqasiya obyektlərinin istismarı, suvarılan torpaqların su təminatı və meliorativ vəziyyəti xeyli yaxşılaşdırılmış, sahənin maddi-texniki bazası gücləndirilmiş, yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş və bunun hesabına son illər respublikada kənd təsərrüfatı məhsullarının istehsalı mütəmadi şəkildə artmaqdadır.

Qarşıya qoyulmuş vəzifələrin icrası məqsədi ilə Cəmiyyət tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə sahəsində 2016-cı ildə konkret tədbirlər həyata keçirilmişdir.  Magistral kanallar üzrə su bölgüsü limitləri, respublikanın çayları üzrə suvarma dövründə rayonlararası su bölgüsü cədvəlləri hazırlanaraq təsdiq edilmiş, bütün istismar təşkilatlarında gecə-cündüz növbətçilik yaradılmış, vegetasiya suvarmasının mütəşəkkil həyata keçirilməsi, sudan səmərəli və qənaətlə istifadənin təmin edilməsi və su limitlərinə nəzarətin gücləndirilməsi məqsədi ilə Cəmiyyətin mütəxəssisləri ayrı-ayrı obyektlərə təhkim edilmiş, çayların gursululuq dövründə su anbarlarının doldurulması və yarana biləcək sel və daşqın sularının maneəsiz axıdılması üçün bütün təxirəsalınmaz tədbirlər görülmüşdür. Aparılan təmir və bərpa işləri kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarmasının mütəşəkkil aparılmasını təmin etmişdir.

Mühüm dövlət əhəmiyyətli su təsərrüfatı obyektlərində, Viləşçay su anbarının qurğularında, Yuxarı Xanbulançay sağ sahil, Ağstafaçay sağ sahil, Şəmkir maşın qolu, Yuxarı Şirvan, Yuxarı Qarabağ, Yeni Xanqızı, Baş Muğan, Cənubi Muğan, Tərtərçay sol sahil,  Aşağı Muğan, Qarayazı  və digər kanallarda, K-33,  K-2-1, K-2-1-1 kollektorlarında müvafiq bərpa işləri aparılmış, 29,3 km suvarma kanalları, 43 km kollektor-drenaj şəbəkəsi, 7,6 km nov kanalları, 167 ədəd hidrotexniki qurğu, 11 ədəd üzən və 28 ədəd tərpənməz nasos stansiyası, 126 ədəd subartezian quyusu, 48,7 km boru xətti, 1600 pm daş-beton bənd və s. təmir-bərpa edilmiş, Kür çayında 1875 pm məsafədə sahilbərkitmə işləri görülmüşdür.

Bundan əlavə, suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 61,5 mln.kbm həcmində lildən təmizləmə işləri görülmüş, 6246 hidrotexniki qurğu, 1085 hidropost, 5352 subartezian nasosu, 304 nasos, 282 elektrik və dizel mühərriki, 5 transformator təmir edilib işlək vəziyyətə gətirilmişdir.

Çay məcralarında 15,4 mln.kbm həcmində məcratəmizləmə işləri aparılmış, 9,6 min kbm şax-daş və faşın, 3,9 min kbm qabion bəndlər quraşdırılmış və daş-beton bəndlərdə 28,1 min kbm həcmində təmir işləri görülmüşdür.

Görülmüş tədbirlər nəticəsində suvarılan torpaq sahələri əsasən suvarma suyu ilə tam təmin edilmişdir. Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1385,9 min hektar sahədə orta hesabla  3,3 dəfə suvarılmışdır. Bütün suvarma mənbələrindən 8,6 mlrd. kbm su götürülmüş və su istifadəçilərinə 6,1 mlrd. kbm su verilmişdir.   

Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial- iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda ölkə başçısı tərəfindən kənd təsərrüfatının inkişafının, ərzaq təhlükəsizliyinin təmin edilməsinin, meliorasiya və suvarma işlərinə daha böyük diqqət göstərilməsinin vacib  olduğu bildirilmiş, yeni əkin sahələrinin dövriyyəyə verilməsi ilə suvarılan torpaqların daha böyük dərəcədə artırılması, xüsusi ilə pambıqçılığın, tütünçülüyün, üzümçülüyün, baramaçılığın inkişaf etdirilməsi sahəsində bizim qarşımızda mühüm vəzifələr qoyulmuşdur.

Səhmdar Cəmiyyəti meliorasiya və irriqasiya sistemlərinin istismarının lazımi səviyyədə təşkili, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, inkişafı, sel və daşqın sularının zərərli təsirinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi sahəsində fəaliyyətini uğurla davam etdirir.

Ölkə rəhbərliyi tərəfindən respublikanın su təsərrüfatına göstərilən diqqət və qayğıya cabab olaraq, Səhmdar Cəmiyyətinin kollektivi  qarşıya qoyulmuş vəzifələri tam məsuliyyəti ilə dərk edərək, onların vaxtında və layiqincə yerinə yetirilməsi üçün  bundan sonra da bütün bacarıq və imkanlarından istifadə edərək daha səylə çalışacaqdır.