YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Yeni Azərbaycan Partiyası seçkilərə böyük inamla gedir

   Milli Məclisin deputatlığına namizəd, MM-in deputatı, YAP Siyasi Şurasının üzvü Musa Quliyev

- Musa müəllim, Azərbaycan mühüm ictimai-siyasi hadisə - Milli Məclisə seçkilər ərəfəsindədir. Ölkədəki seçkiqabağı mühiti necə dəyərləndirirsiniz?

- Azərbaycan demokratik, sivil, hüquqi dövlətdir. Respublikamız öz müstəqilliyini əldə etdikdən sonra Milli Məclisə 5-ci çağırış seçkilərini keçirir. Hazırda ölkədə xalqın əhval-ruhiyyəsi seçkilərə köklənib, dövlətin müəyyən qurumları da seçkilərlə bağlı öz üzərlərinə düşən vəzifələri yerinə yetirirlər.

Ölkə Konstitusiyasına əsasən, seçmək və seçilmək hüququ olan hər bir şəxs öz seçki hüququndan istifadə edə bilər. Azərbaycanda seçki mühiti demokratik, şəffaf mühitdir  və hər kəsin öz arzusunu, istəyini həyata keçirmək imkanları vardır. Seçilmək arzusunda olan hər kəsə şərait yaradıldı ki, mövcud qanunvericiliyə uyğun olaraq millət vəkilliyinə namizədliyini irəli sürsün. Artıq 1240-dan çox deputatlığa  namizəd müvafiq qaydada qeydə alınıb. Seçkilərdə hər dairədə orta hesabla 7-9 namizəd rəqabət aparacaq ki, bu da ölkəmizdə seçkiqabağı mühitin kifayət qədər əlverişli və demokratik olduğunu, hər kəsə öz iradəsini ifadə etmək üçün şərait yaradıldığını təsdiqləyir. Bizim qanunvericiliyimiz, Seçki Məcəlləmiz çox mükəmməldir. Hazırda başda Mərkəzi Seçki Komissiyası olmaqla ölkədə seçkilərin keçirilməsinə səfərbər edilən bütün qurumlar öz işlərinin başındadırlar və lazımi proseslərı yüksək səviyyədə icra edirlər. Beləliklə, bu gün Azərbaycanda seçkilərin tam demokratik, şəffaf, qanunların aliliyi şəraitində keçirilməsi üçün hər cür şərait vardır.

- Sizin Milli Məclisin deputatlığına namizədliyiniz Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. Təmsil etdiyiniz partiyanın Azərbaycan cəmiyyətindəki mövqeyi, ölkənin ümumi inkişafına verdiyi töhfələr barədə söhbət açmağınızı xahiş edirik.

- Mən öncə Milli Məclisin deputatlığına namizədliyimi növbəti dəfə irəli sürdüyünə, mənə etimad göstərdiyinə görə partiyanın rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Seçicilərin mənə inam göstərəcəyi və parlamentə seçiləcəyim təqdirdə çalışacağam ki, ötən illərdə olduğu kimi, qarşıdan gələn 5 ildə də fəaliyyətimi xalqın, cəmiyyətin istəyinə uyğun qurum, Yeni Azərbaycan Partiyasının, dövlətimizin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə öz töhfəmi verim.

YAP yalnız Azərbaycanın deyil, bütün Cənubi Qafqazın ən monolit, ən qüdrətli bir siyasi qurumudur. Bu partiya Ümummilli lider Heydər Əliyevin xalqımıza verdiyi ən böyük töhfələrdən biridir. Ümummilli liderin rəhbərliyi ilə, Onun ətrafında yaranan bu partiya Azərbaycanda dövlət quruculuğuna, müstəqilliyin möhkəmlənməsinə, ölkənin inkişafına, respublikada vətəndaş cəmiyyətinin, milli birliyin formalaşmasına sanballı töhfələr verib. Partiyamız böyük beynəlxalq nüfuza malikdir, bir sıra ölkələrin aparıcı partiyaları ilə əməkdaşlıq edir ki, bütün bunlar da YAP-ın nə qədər mükəmməl bir siyasi qurum olduğunu təsdiqləyir. Bu gün YAP cəmiyyət tərəfindən birmənalı olaraq quruculuq, sabitlik, inkişaf, rifah və xalqın partiyası kimi qəbul edilir. Hazırda YAP-ın üzvlərinin sayının 600 mini aşması və burada gənclərin, qadınların, ziyalıların sayının kifayət qədər çox olması göstərir ki, xalqımızın bütün fəal təbəqələri bu partiyada olmaq, özlərinin ictimai, siyasi, sosial arzularını bu qurum vasitəsilə reallaşdırmaq istəyirlər. YAP müxalifət partiyası kimi yaransa da, qısa müddət ərzində iqtidara gəlib və ölkəmizdə 1993-cü ildən etibarən keçirilən bütün seçkilərdə qələbələr qazanıb. Bu, o deməkdir ki, xalqın bu partiyaya böyük etimadı var və YAP-ın irəli sürdüyü proqramları, siyasi, iqtisadi, sosial layihələri xalq dəstəkləyir.  YAP-ın Sədri cənab İlham Əliyev ölkəmizdə keçirilən son 3 prezident seçkisində Azərbaycan xalqının mütləq əksəriyyətinin yüksək etimadını qazanan və dövlət başçısı kimi bu etimadı layiqincə doğruldan, xalqın Lideri səviyyəsinə yüksələn böyük bir Şəxsiyyətdir ki, bu da partiyamızın nüfuzunun artmasında, ictimai-siyasi mövqeyinin möhkəmlənməsində mühüm rol oynayır. Cənab Prezident başda olmaqla partiyamızın rəhbərliyinin, qurultaylarının, konfranslarının qəbul etdiyi qərarların hamısı xalqın xeyrinə, dövlətin müstəqilliyinin, qüdrətinin artmasına yönələn qərarlardır. Bu gün də Milli Məclisə seçkilər zamanı partiya əksər dairələrdən öz namizədlərini irəli sürüb. Bu namizədlərin hamısı layiqli, xalq tərəfindən tanınan, inanılan şəxslərdir. Yeni Azərbaycan Partiyası seçkilərə böyük inamla gedir, əminəm ki, partiyamız ötən seçkilərdə olduğu kimi, Milli Məclisə növbəti seçkilərdə də qələbə qazanacaq.

- Bəs Milli Məclisin üzvü kimi, qanunverici orqanın fəaliyyətini necə qiymətləndirirsiniz?

- Milli Məclis Azərbaycanda hakimiyyətin bir qoludur. Ölkə Konstitusiyasına görə, respublikamızda qanunverici hakimiyyət Milli Məclisə məxsusdur. Azərbaycanın hüquqi dövlət kimi inkişafında, ölkənin qanunlarla idarə edilməsində, respublikada qanunun aliliyinin təmin olunmasında Milli Məclisin rolu, şübhəsiz ki, böyükdür. Burada qəbul edilən qanunlar insanların sosial rifah halının yaxşılaşdırılmasında, respublikanın müdafiə qabiliyyətinin gücləndirilməsində, beynəlxalq miqyasda ölkənin imicinin yüksəlməsində, daxildə ictimai-siyasi sabitliyin möhkəmlənməsində mühüm rol oynayıb.

Milli Məclisin fəaliyyəti yalnız qanun qəbul edilməsi, hökumətin hesabatlarının dinlənilməsi və onlara qiymət verilməsi ilə məhdudlaşmır. Ölkə parlamenti, eyni zamanda, özünün beynəlxalq miqyasdakı fəaliyyəti ilə Azərbaycanın diplomatik sahədə uğurlarının artmasına da töhfələrini verir. Milli Məclisin deputatları daim xarici ölkələrdə, beynəlxalq təşkilatlarda keçirilən müxtəlif tədbirlərə qatılırlar və Azərbaycanın haqq işini müdafiə edirlər. Milli Məclisin deputatları belə tədbirlərdə  bir qayda olaraq Dağlıq Qarabağın ilhaq edilməsi, ermənilərin xalqımıza qarşı apardıqları deportasiya və etnik təmizləmə siyasəti, təxminən 1 milyon soydaşımızın doğma yurd-yuvasından didərgin salınması barədə dünya ictimaiyyətini məlumatlandırır, öz təkliflərini irəli sürürlər və Azərbaycanın dəstəklənməsinə çalışırlar. Bu mənada mən istər qanun yaradıcılığı, dövlər quruculuğuna verdiyi töhfələr, istərsə də  beynəlxalq fəaliyyət baxımından 4-cü çağırış Milli Məclisin fəaliyyətini olduqca yüksək qiymətləndirirəm. Milli Məclisin çox işgüzar, öz dövlətinə, xalqına bağlı olan deputat korpusu formalaşıb. Mən əminəm ki, yeni çağırış Milli Məclis bu ənənələri davam etdirəcək.

- Siz parlamentdə Sosial siyasət komitəsinin sədr müavinisiniz. Parlamentin əhalinin sosial təminatının gücləndirilməsinə hüquqi təminat yaradılması istiqamətindəki fəaliyyəti ölkədə həyata keçirilən sosial məzmunlu siyasətlə necə uyğunlaşdırılır?

- Ölkə Prezidenti İlham Əliyev Azərbaycanın daxili siyasətində sosial məsələlərə daim böyük qayğı ilə yanaşıb. Cənab Prezidentin imzaladığı müxtəlif Fərman və sərəncamlarda xalqın rifah halının yaxşılaşdırılmasının, aztəminatlı insanların sosial müdafiəsinin etibarlı şəkildə təmin edilməsinin dövlətin əsas vəzifələrindən biri olduğu vurğulanıb. İndiyədək ölkəmizdə bu sahədə xeyli əməli işlər görülüb. Bu sahədə uğur qazanılmasında, şübhəsiz ki, Milli Məclisin də böyük xidmətləri var. Mənim sədr müavini olduğum Sosial siyasət komitəsi əhalinin sosial müdafiəsi, səhiyyə, idman, gənclər siyasəti ilə bağlı qanunvericiliyin hazırlanmasında və daha da təkmilləşdirilməsində fəal iştirak edib. Məhz bizim komitədə səhiyyə ilə əlaqədar 30-dək, sosial müdafiə ilə bağlı təxminən 25 qanun hazırlanıb və yaxud qanunlara dəyişikliklər edilib.  Bu qanunlar, əsasən, uşaqların sosial müdafiəsi, işsizliyin, yoxsulluğun aşağı salınması, əhalinin məşğulluq, pensiya təminatı, müavinətlərin ödənilməsi və digər məsələlərlə bağlı olub. Gənclər siyasəti, gənclərin asudə vaxtının təşkili,  idman, turizm haqqında və s. qanunlar da bizim komitədə hazırlanıb.

Eyni zamanda, müəyyən sosial problemləri ilə bağlı Milli Məclisə pənah gətirən soydaşlarımız, ilk növbədə, bizim komitəyə üz tuturlar. Bundan başqa, komitəyə çoxlu sayda şikayətlər daxil olur.  Bu müraciətlər bütövlükdə insanların Milli Məclisə olan inamlarını təsdiqləyir ki, bu da bizim məsuliyyətimizi daha da artırır. Xalq bizə güvənirsə, müəyyən məsələlərinin həllində bizdən kömək gözləyirsə, biz də qanunlar çərçivəsində insanların problemlərinin həllinə yardımçı olmağa çalışmalıyıq. Ümumilikdə,  mən parlamentin və təmsil olunduğum komitənin fəaliyyətini yüksək qiymətləndirirəm. Onu da deyim ki, bizim komitədə təmsil olunan deputatların hamısı peşəkar, təhsil, səhiyyə, sosial təminat, idman sahəsində müəyyən təcrübə qazanmış insanlardırlar ki, bu da sosial məzmunlu qanunların yüksək səviyyədə hazırlanmasına, onların ölkədə reallaşdırılan sosial siyasətlə uyğunlaşdırılmasına, ümumiyyətlə,  komitənin fəaliyyətinin səmərəli olmasına müsbət təsir göstərir.

-  Yenidən etimad qazanıb deputat seçiləcəyiniz təqdirdə gələcək fəaliyyətiniz barədə nə deyə bilərsiniz?

- Ümumiyyətlə, Milli Məclis üzvünün fəaliyyət istiqamətini, onun səlahiyyət çərçivəsini, görə biləcəyi işləri mən üç qrupa bölərdim. Millət vəkili, birinci növbədə, qanun yaradıcılığı prosesində fəal iştirak etməlidir. İndiyədək mən ya müəllif, ya da işçi qrupunun rəhbəri qismində  10 qanunun yaradılmasında iştirak etmişəm, o cümlədən də Sosial siyasət komitəsində müzakirəyə çıxarılan bütün qanunlarla bağlı öz fikirlərimi bildirmişəm. Hesab edirəm ki, sosial sahədə yeni qanunların qəbul edilməsinə, mövcud qanunların daha da təkmilləşdirilməsinə bundan sonra da ehtiyac var. Yenidən deputat seçiləcəyim təqdirdə mən növbəti dönəmdə də sosial sahə ilə bağlı qanun yaradıcılığında aktiv fəaliyyətimi davam etdirəcəm.

Deputatın fəaliyyətinin ikinci istiqaməti beynəlxalq təşkilatlarda təmsil olunma və Azərbaycanın dünyaya tanıdılmasına, ölkəmizin müəyyən siyasi, hüquqi çərçivələrdə maraqlarının qorunmasına səy göstərməkdən ibarətdir. Mən 10 ildir ki, Qara Dəniz iqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüyəm, bu təşkilatda komitə sədri olmuşam, hazırda da bu qurumun vitse-prezidentiyəm. Hesab edirəm ki, vitse-prezidentlik müddətində mənə verilən səlahiyyətlərdən istifadə edərək Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı məkanında mövqeyinin daha da gücləndirilməsinə səbəb ola biləcək qanunların qəbul olunmasında, sənədlərin hazırlanmasında fəallıq göstərəcəm, Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyinin quruma üzv ölkələrin nümayəndələri tərəfindən tam şəkildə dəstəklənməsinə nail olmağa çalışacağam.

Deputatın üçüncü fəaliyyət istiqaməti bilavasitə seçiciləri, onların problemləri ilə bağlıdır ki, mən bu sahədə əvvəlki illərdə müəyyən təcrübə qazanmışam. Seçicilərimlə görüşlərdə mən hesabat xarakterli rəqəmləri daim onların nəzərinə çatdırıram. Mən fürsətdən istifadə edərək deputatlara yerlərdə seçicilərlə fəal işləmələrinə hər cür imkan yaradıldığına görə Milli Məclisin rəhbərliyinə minnətdarlığımı ifadə etmək istəyirəm. Hazırda hər deputatın yerlərdə seçicilərlə işləməsi üçün ayrıca iş otağı, qərargahı, köməkçisi var. Biz, demək olar ki, hər gün köməkçilərimiz vasitəsilə seçicilərimizin problemləri ilə tanış oluruq və onlara lazımi dəstək göstəririk. Mən ayda bir dəfə Gəncəyə gedərək seçicilərlə görüşlər geçirmişəm, eyni zamanda, şəhərin ictimai-sosial əhəmiyyətli tədbirlərində də yaxından iştirak etmişəm. Seçicilərin qaldırdıqları məsələlərin bir çoxunun həlli  millət vəkilinin imkanları və səlahiyyətləri daxilində olmasa da, biz o problemləri ictimailəşdirmişik, müvafiq hökumət və yerli icra hakimiyyəti qurumlarının diqqətinə çatdırmışıq, eyni zamanda, seçicilərin problemlərinin həllinə dəstək məqsədilə yerli icra hakimiyyəti orqanları ilə birlikdə müəyyən layihələrin həyata keçirilməsində iştirak etmişik. Əsas müraciətlər məşğulluqla, səhiyyə məsələləri, sosial müavinətlərin, əlilliyin təyin olunması, məhkəmə qərarları ilə bağlı olub ki, biz onların qanun çərçivəsində həlli yollarını araşdıraraq müvafiq qurumların diqqətini buna yönəltmişik. Etimad göstəriləcəyi təqdirdə mən gələcəkdə də  seçicilərimin arzu və istəklərinin imkan daxilində həyata keçirilməsinə çalışacağam. Onu da deyim ki, Gəncə 2016-cı ildə Avropanın gənclər paytaxtı elan olunub. Hazırda bütün şəhər, partiyamızın şəhər təşkilatının üzvləri, gənclər  Avropanın gənclər paytaxtı kimi öz qonaqlarını qəbul etməyə hazırlaşır. Mən də gəncəlilərlə birlikdə Nizami yurdunun beynəlxalq aləmdə, Avropada gənclər şəhəri, Azərbaycanın uğurla inkişaf edən bir şəhəri kimi tanıdılması istiqamətində öz fəaliyyətimi göstərəcəyəm.