Xəbərlər
Vatikanla Qafqaz Müsəlmanları İdarəsi arasında dini-mənəvi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
Aprelin 3-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Vatikanın Cənubi Qafqaz üzrə elçisi Nunsi Marek Solçinski ilə görüşüb.
QMİ-dən bildirilib ki, görüşdə Vatikanla Qafqazın dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi arasında dini-mənəvi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.
Roma Papası Fransiskə salamlarını və xoş arzularını çatdırmağı xahiş edən şeyxülislam Allahşükür Paşazadə qarşıdan gələn Pasxa bayramı münasibətilə dünya katoliklərini təbrik edib və Zati-müqəddəslərinə təbrik məktubunu elçiyə təqdim edib.
Görüşə görə QMİ-nin sədrinə minnətdarlığını bildirən Nunsi Marek Solçinski Vatikan-Azərbaycan əlaqələrinin yüksək səviyyəsindən razılıq ifadə edib. O, bu əlaqələrin inkişafında şeyxülislamın rolunun Vatikan tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycandakı katolik icmasının başçısı ordinari Vladimir Fekete də iştirak edib.