Xəbərlər
Azərbaycan ilə Vyetnam arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
Oktyabrın 14-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Vyetnam Kommunist Partiyası (VKP) Siyasi Bürosunun üzvü, VKP Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anhın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Baş nazir A.Rasizadə Azərbaycan ilə Vyetnam arasında ənənəvi dostluq əlaqələrinin mövcud olduğunu qeyd edib. Vyetnamın rəsmi nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında münasibətlərin inkişafına təkan verəcəyini bildirən Baş nazir Azərbaycan və Vyetnamın hakim partiyaları arasında tərəfdaşlıq və dostluq əlaqələrinin yaranmasının təqdirəlayiq olduğunu vurğulayıb.
Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü Le Honq Anh Azərbaycana ilk səfərindən məmnun olduğunu qeyd edib və mütəmadi əlaqələrin iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinə stimul verəcəyini söyləyib.
Görüşdə Azərbaycan və Vyetnam arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.