Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin görüşü olub
Sentyabrın 29-da Həştərxanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.
Görüşdə Rusiya Prezidenti Vladimir Putin qeyd etdi ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə dostluq və etimad xarakteri daşıyıb: “Biz çox şadıq ki, münasibətlərimiz bu ruhda inkişaf edir, özü də müxtəlif istiqamətlərdə, o cümlədən ən həssas sahələrdə. Dünya və Rusiya iqtisadiyyatında bəzi problemlərə baxmayaraq, iqtisadi sahədə də irəliləyiş var. Biz son vaxtlar əmtəə dövriyyəsində çox böyük olmasa da, artım müşahidə edirik – 2 faiz, hər halda bu, artımdır. Biz həmişə görüşməyə, bütün ikitərəfli məsələlərimiz barədə bir daha müzakirə və fikir mübadiləsi aparmağa şadıq.”
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə Sammitdə olduqca vacib qərarların qəbul edildiyini bildirdi: “Tərəflərin yaxınlaşması baxımından bu qərarlar Xəzər regionunda sonrakı əməkdaşlıq üçün əhəmiyyətli rol oynayacaq. O ki qaldı bizim ikitərəfli münasibətlərimizə, çox şadam ki, aramızda mütəmadi dialoq davam edir. Biz keçən ay və bu gün görüşdük. Bu, bizim münasibətlərimizin səviyyəsinin göstəricisidir. Bu müddətdə bizim nümayəndə heyətlərinin də qarşılıqlı görüşləri olub. Bizim aramızda bütün istiqamətlər üzrə - iqtisadi, siyasi, energetika sahələrində, humanitar məsələlərlə bağlı əməkdaşlıqda çox yaxşı dinamika davam edir. Biz bu yaxın günlərdə Humanitar Forum keçirəcəyik. Bu Forum Rusiya və Azərbaycanın nümayəndələrinin təşəbbüsü ilə yaranıb. Biz bütün istiqamətlər üzrə dinamika və müsbət irəliləyiş müşahidə edirik, buna çox şadıq. Fikirləşirəm ki, bundan sonra da ölkələrimizin münasibətlərində yaxşı məqamları görəcəyik.”