YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Alman deputatı Qərbin anti-Azərbaycan təbliğatını tənqid edib

Almaniyanın Reyn-Pflats federal torpağı parlamentinin deputatı Rəhim Şmitin “Rhein-Zeitung” qəzetinin noyabrın 10-da dərc edilən sayında Qərb mətbuatının və bəzi siyasi qüvvələrin apardığı anti-Azərbaycan fəaliyyətini tənqid atəşinə tutulan məqaləsi dərc olunub. Əslən İran azərbaycanlısı olan Rəhim Şmit əvvəllər Yaşıllar Partiyasının üzvü olub, 2015-ci ildə isə partiyanı tərk edib. Hazırda bitərəfdir.

„Qərbin Azərbaycana münasibətdə adi hal almış birtərəfli mövqeyi“ başlıqlı məqalədə Rəhim Şmit Qərbin anti-Azərbaycan fəaliyyətini Yaxın Şərq və ya Ukraynaya münasibətdə buraxdığı səhvlərin təkrarlanması kimi qiymətləndirir.

Müəllif Azərbaycanı geo-siyasi baxımdan çox mürəkkəb və həssas bir regionda təhlükəsizlik “lövbəri” adlandırır. Amma Azərbaycanın Qərb tərəfindən layiqli və məntiqli dəstək almadığını vurğulayır.

ATƏT-in DTİHB qurumunun son parlament seçkilərini müşahidə etməkdən imtina etməsinə toxunan Şmit qeyd edir ki, Azərbaycan haqlı olaraq digər ölkələrin nümunəsində olduğu kimi seçki müşahidəçilərinin sayını ölkə əhalisinin sayı və ərazisinə müvafiq olaraq müəyyən edilməsini tələb edib, amma bu tələb qəbul olunmayıb. Azərbaycana müşahidəçi missiyası göndərməkdən imtina qərarı isə yanlış addım idi.

Müəllif bildirir ki, ikili standartlara əsaslanan uzaqgörən olmayan siyasətin ağır nəticələrini Almaniya və digər region ölkələrdəki qaçqınlar probleminin simasında görmək mümkündür. Belə siyasət uzun müddət davam edə bilməz. Avropa İttifaqının qaçqınlar məsələsinə görə Türkiyənin siyasətini dəyişdirməyə məcbur olması bunun sübutudur.

Rəhim Şmit Avropa Parlamenti, Bundestaqın Yaşıllar Fraksiyası və Qərb KİV-lərinin Azərbaycanı daim və hər şeyə görə tənqid etməsinin adi hala çevrildiyini bildirir. Almaniyada Azərbaycan üçün neqativ imic yaratmaq cəhdləri iki ölkə arasında etimada zərbə vurur, qarşılıqlı anlaşma və əməkdaşlıq üçün geniş bazanın yaradılmasına yönəlmiş fəaliyyəti çətinləşdirir. Onun fikrincə, əksinə, etibarlı əməkdaşlıqla Azərbaycanın imkanlarına dəstək verilməli və müsbət təcrübələr onunla bölüşdürülməlidir.

Müəllif daha sonra Azərbaycanı regionda nümunəvi dünyəvi müsəlman ölkəsi adlandırır. Bildirir ki, bu ölkədə qadınlar diskriminasiya edilmir. Cinayətlərin göstəricisi çox aşağıdır. İnternetdə tam informasiya azadlığı hökm sürür. Ölkəyə giriş və çıxışa hər hansı məhdudiyyət yoxdur. Azərbaycan ərazisində 40 xristian dini icması, 30 xristian kilsəsi, 6 sinaqoq və 5 yəhudi məktəbi fəaliyyət göstərməklə bütün region üçün nümunəvi olan dünyəvi müsəlman ölkəsidir.

Rəhim Şmit, həmçinin qeyd edir ki, Azərbaycanda vətəndaşlar üçün bürokratik əngəllərin aradan qaldırılmasına yönələn layihələr Almaniya üçün də nümunə ola bilər.

Şmit vurğulayır ki, Azərbaycan özünün çox çətin geo-siyasi yerləşməsinə görə öz yolunu tapmaq və Avropa, o cümlədən Almaniya ilə körpülər yaratmaq istəyir.