YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanlı mütəxəssislərin Stenford Universitetində təcrübə keçmələri barədə ilkin razılıq əldə olunub

Türkiyə Vaskulyar (Damar) və Endovaskulyar Cərrahiyyə Dərnəyi Antalya şəhərində 17-ci milli konqresini keçirib.

ABŞ, İngiltərə, Almaniya və digər qabaqcıl ölkələrdən onlarla cərrahın dəvət olunduğu bu mötəbər tədbirdə ölkəmizi Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) sədri, tibb elmləri doktoru Kamran Musayevin başçılığı altında çoxsaylı cərrah və tibb bacılarından ibarət nümayəndə heyəti təmsil edib.

AÜDCC-dən  verilən məlumata görə, konqresin ikinci günündə Türkiyə və Azərbaycan ürək-damar cərrahlarının birgə toplantısı baş tutub. Toplantıda aorta cərrahiyyəsinin ən mübahisəli məsələləri ilə əlaqədar 7 mühazirə oxunub. Kamran Musayev “Qapaqqoruyucu metodika ilə aortanevrizmalarının cərrahi müalicəsi” mövzusunda öz təcrübəsini də əlavə etməklə məruzə ilə çıxış edib. Mərkəzi Neftçilər Xəstəxanasından Natiq Mirzəyevin “Qalxan aortanevrizmalarında cərrahi zamanlama” mövzusundakı mühazirəsi də maraqla qarşılanıb. Toplantı iştirakçıları məruzələr ətrafında geniş fikir mübadiləsi aparıblar.

Sonra AÜDCC-nin sədri Kamran Musayev konqresdə iştirak edən xarici qonaqlarla görüşlər keçirib. Görüşlərdə ürək-damar cərrahiyyəsinin aktual problemləri, eyni zamanda, ikitərəfli elmi-praktiki əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. ABŞ-ın Stenford Universitetinin damar cərrahiyyəsi kafedrasının müdiri, professor Ronald Dalmanla görüşdə isə gənc azərbaycanlı mütəxəssislərin bu ali təhsil müəssisəsində praktiki təcrübələrini artırmaq barədə ilkin razılıq əldə olunub. Eyni zamanda, Stenford Universiteti ilə Mərkəzi Klinik Xəstəxananın gələcək münasibətlərinin perspektivləri müzakirə edilib.

Ölkəmizdə fəaliyyət göstərən ürək-damar cərrahları Türkiyədə bu sahə üzrə rezidentura (uzmanlıq) təhsili alan gənc mütəxəssislərimizlə də görüşüblər. Türkiyədə təhsillərini davam etdirən həmyerlilərimiz müzakirələrdə fəal iştirak ediblər.