YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qafqaz Müsəlmanları İdarəsinin sədri Başqırdıstan Respublikasının rəhbəri ilə görüşüb

Rusiya Federasiyası Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində keçirilən “XXI əsr təhsil müstəvisində İslamın idealları və dəyərləri” mövzusunda VIII beynəlxalq elmi-praktik konfransda iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Başqırdıstan Respublikasının rəhbəri Rüstəm Xəmitov ilə görüşüb.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Rüstəm Xəmitov Ufada keçirilən konfransda yaxından iştirakına görə QMİ sədrinə təşəkkürünü bildirib. Dünyada mürəkkəb proseslərin cərəyan etdiyi bir vaxtda şeyxülislam A. Paşazadə kimi müdrik insanların təcrübə və biliyinə xüsusən böyük ehtiyac olduğunu bildirən Başqırdıstan Respublikasının rəhbəri Rusiyanın baş müftisi Talqat Tacuddin və A. Paşazadə kimi dəyərli dini liderlərin ölkələrimiz arasında dini-mənəvi sahədə əlaqələrin möhkəmlənməsində mühüm rol oynadıqlarını bildirib. Rüstəm Xəmitov dini maarifləndirmə, gənclərin ənənəvi dəyərlər işığında tərbiyələndirilməsi kimi böyük elm və səbir tələb edən sahədə dini liderlərin rolunu yüksək dəyərləndirib.

Ufa konfransının əhəmiyyətindən danışan Rüstəm Xəmitov Başqırdıstanda dini-mənəvi sahədə görülən işlər barədə QMİ sədrinə ətraflı məlumat verib.

Azərbaycan xalqına və onun müdrik Prezidentinə böyük ehtiramı olduğunu bildirən Başqırdıstan Respublikasının rəhbəri səmimi salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib. O, Azərbaycanla Başqırdıstan arasında iqtisadi və mədəni-mənəvi sahələrdə əlaqələrin səviyyəsindən razılığını bildirib və bu münasibətlərin daha da inkişaf etməsinin önəmini vurğulayıb. Başqırdıstan Respublikasının rəhbəri ilk fürsətdə məmnuniyyətlə Azərbaycana səfər etmək, Prezident İlham Əliyevlə görüşmək və ölkəmizin uğurları ilə yaxından tanış olmaq niyyətini diqqətə çatdırıb. O, Başqırdıstanın çox vaxt ikinci Bakı adlandırılmasına toxunaraq, azərbaycanlı neft mütəxəssislərinin Başqırdıstanın neft sənayesinin yaradılması və inkişafında önəmli rolunu minnətdarlıqla xatırlayıb.

Görüşdə iştirak edən Rusiya Mərkəzi Ruhani İdarəsinin sədri baş müfti Talqat Tacuddin 35 ildən artıq müddət ərzində yaxından tanıdığı, təhsil illərindən dost, qardaş olduğu, dini liderlər olaraq səmərəli əməkdaşlıq etdiyi və Tanrıya xoş gedən amallar uğrunda ötən əsrdən başlayaraq çiyin-çiyinə mübarizə apardığı şeyxülislam A. Paşazadə haqqında xoş xatirələrini Başqırdıstan rəhbərinin diqqətinə çatdırıb. O, A. Paşazadənin təkcə Azərbaycan, Qafqaz deyil, MDB dindarlarının dini lideri olduğunu xüsusi vurğulayaraq onun gördüyü işlərin, dəyərli təşəbbüslərin nə qədər böyük əhəmiyyət kəsb etdiyinə diqqəti cəlb edib.

QMİ sədri, MDB Dinlərarası Şurasının həmsədri şeyxülislam Allahşükür Paşazadə Rüstəm Xəmitova görüş üçün təşəkkürünü bildirib. O, Prezident İlham Əliyevin, Azərbaycan xalqının səmimi salamlarını Başqırdıstan rəhbərinə və bütün qardaş başqırd xalqına yetirib. Ufa torpağına böyük məmnuniyyətlə gəldiyini deyən QMİ sədri önəmli konfransın işindən, müzakirə olunan məsələlərin aktuallığından rəğbətlə söhbət açıb. Baş müfti Talqat Tacuddinin Başqırdıstan Respublikasındakı fəaliyyətini yüksək dəyərləndirdiyini bildirən şeyxülislam A.Paşazadə onun Uca Allahın bərəkəti ilə təkcə Rusiya deyil, dünya müsəlmanlarının önəmli şəxsiyyəti, nümunəvi din xadimi olduğunu bildirib.

Şeyxülislam A.Paşazadə Rüstəm Xəmitovu Azərbaycanda məmnuniyyətlə gözləyəcəklərini diqqətə çatdırıb. O, xüsusilə vurğulayıb ki, Ufada yaşayan azərbaycanlılarla görüşləri zamanı diaspor üzvləri respublika rəhbərliyindən razılıq edib, həyat və fəaliyyətlərindən məmnunluq ifadə ediblər.

Görüşün sonunda şeyxülislam A. Paşazadə R.Xəmitova Qurani-Kərim və Bakını vəsf edən tablo hədiyyə edib. Başqırdıstan rəhbəri də QMİ sədrinə xatirə hədiyyəsi təqdim edib.