YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında Fərman imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında Fərman imzaladı.

Sənəddə qeyd olunur ki, son illərdə Azərbaycan Respublikasının tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilmişdir. Belə ki, Xəzər hövzəsində ən böyük liman olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı Gəmiqayırma Zavodu fəaliyyətə başlamış, Bakı–Böyük Kəsik dəmir yolunun yenidən qurulması və Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin inşası reallaşmaqdadır. 

Azərbaycanda bir neçə beynəlxalq hava limanının tikintisi, yeni təyyarə və gəmilərin alınması, müasir avtomobil yolları şəbəkəsinin yaradılması ölkəmizin nəqliyyat infrastrukturunun güclənməsində mühüm rol oynamış və tranzit daşımalarda iştirak imkanlarını genişləndirmişdir.

Ölkənin nəqliyyat sektorunda icra edilən layihələrlə yanaşı, Azərbaycan Respublikasının ərazisindən keçən tranzit dəhlizlərin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarını cəlb etmək istiqamətində bir sıra tədbirlərin görülməsi, o cümlədən yükdaşımaların keyfiyyətinin yüksəldilməsi, yüklərin çatdırılma müddətinin və nəqliyyat xərclərinin azaldılması da vacibdir.

Prezidentin Fərmanına əsasən, Azərbaycan Respublikasında dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınması sahəsində vahid, çevik və şəffaf tarif siyasətinin həyata keçirilməsi, sərhədkeçmə prosedurlarının və daşıma proseslərinin asanlaşdırılması, habelə bu sahədə fəaliyyət göstərən dövlət qurumları arasında əlaqələndirmə işlərinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılmış və “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası haqqında Əsasnamə” və  Şuranın tərkibi təsdiq edilmişdir.