YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Koreya Respublikasında “Azərbaycan filmləri festivalı” başlayıb

SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası Koreya Respublikasında növbəti layihəyə imza atıb. Belə ki, SEBA Assosiasiyasının təşkilatçılığı ilə “Azərbaycan filmləri festivalı” başlayıb.

“Mirospase” kinoteatrında keçirilən festivalın açılış mərasimdə Koreya Fondunun vitse-prezidenti Kim Kvanq Keun çıxış edərək Azərbaycandan gələn qonaqlara xüsusi təşəkkürünü bildirib.

SEBA Assosiasiyası ilə sıx mədəni əməkdaşlıq münasibətlərindən danışan vitse-prezident Azərbaycanda böyük uğurla keçirilmiş “Koreya filmləri festivalı”nın əhəmiyyətini qeyd edib. Bildirib ki, festival çərçivəsində, ümumilikdə Azərbaycanda 14 Koreya filmi nümayiş olunub. Bu isə minlərlə tamaşaçıya Koreya kinematoqrafiyasının dəyərli ekran əsərləri ilə yanaşı, xalqımızın qədim tarixi, mədəniyyəti, adət-ənənələri, məişəti ilə də tanışlıq imkanı qazandırıb.

Sonra SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri Ruhəngiz Heydərovanın “Azərbaycan filmləri festivalı”nın açılış mərasiminin iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub. Məktubu iştirakçılara assosiasiyanın sədr müavini İrina Zeynalova çatdırıb.

Sonra tədbirdə rejissor İlqar Nəcəfin “Buta” filmi nümayiş etdirilib.

Ümumilikdə, “Azərbaycan filmləri festivalı”nda “Buta” da daxil olmaqla 6 ekran əsəri: Azərbaycan kino sənətinin əvəzsiz incilərindən biri olan “Arşın mal alan” (rejissorlar Rza Təhmasib, Nikolay Leşşenko), “Axınla aşağı” (rejissor Asif Rüstəmov), “Dərvişin qeydləri” (rejissor Eldar Quliyev), “Aktrisa” (rejissor Rövşən İsax) və “Girov” (rejissor Eldar Quliyev) koreyalı sənətsevərlərə təqdim olunacaq.

Qeyd edək ki, festivalın ilk günündə qonaqlara kinorejissor Ayaz Salayevin məşhur “Yarasa” filminin diskləri paylanılıb.