YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Baş nazirinin müavini Tbilisidə keçirilən İpək Yolu Forumunda iştirak edir

Oktyabrın 15-də Tbilisidə İpək Yolu Beynəlxalq Forumu keçirilir.

Forumda Azərbaycanın Baş nazirinin müavini Abid Şərifovun rəhbərliyi ilə geniş nümayəndə heyəti iştirak edir.

Gürcüstan hökumətinin təşəbbüsü, Çin hökuməti və Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə keçirilən tədbirdə 30 ölkənin, eləcə də 20 beynəlxalq maliyyə və donor təşkilatın yüksək vəzifəli şəxsləri də daxil olmaqla 1000-ə yaxın qonaq iştirak edir.

Tbilisidəki Ş.Rustaveli adına Akademik Teatrda reallaşan açılış mərasimində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili çıxış edərək tədbirin əhəmiyyətini yüksək qiymətləndirib, İpək yolunun bərpasının təkcə Cənubi Qafqaz regionunun deyil, bütövlükdə Avropa ilə Asiyanın inkişafında mühüm rol oynayacağını bildirib.

Baş nazirin müavini Abid Şərifov tədbirdə çıxış edərək deyib ki, İpək yolunun bərpası ilə əlaqədar ilk beynəlxalq forum 1998-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Bakıda keçirilib. Bu tədbir hər bir ölkədə sülhün təmin olunmasında, əməkdaşlığın inkişafında tarixi rol oynayıb. Həmin tədbirdə bir sıra mühüm sənədlər, o cümlədən Bakı Bəyannaməsi imzalanıb və bu sənədlər İpək Yolunun bərpası istiqamətində möhkəm hüquqi baza yaradıb. Azərbaycan öz coğrafi vəziyyətinə görə beynəlxalq nəqliyyat sistemində mərkəzi mövqedədir. Nəqliyyat daşınmalarının genişlənməsi, Avropa-Qafqaz-Asiya dəhlizinə diqqətin artırılması üçün mühüm layihələr reallaşdırıb.

Bildirilib ki, bu gün Prezident İlham Əliyev ölkənin nəqliyyat sektorunun inkişafına böyük diqqət göstərir. Azərbaycanda qəbul olunmuş dövlət proqramı çərçivəsində son 10 ildə nəqliyyat kompleksinin inkişafına 15 milyard ABŞ dolları həcmində sərmayə qoyulub. Ötən illər ərzində Avropa-Qafqaz-Asiya dəhlizi vasitəsilə yük daşınması əhəmiyyətli dərəcədə artıb. 1995-ci ildə regional seqmentdə yük daşınması 335,0 min ton olduğu halda, son 10 ildə bu rəqəm 10-12 milyon tona çatıb.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Gürcüstan və Türkiyə rəhbərliyinin dəstəyi ilə çox mühüm bir layihənin - Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi həyata keçirilir. Bu layihə tam reallaşdıqdan sonra Asiyadan Avropaya yük daşınması sahəsində məsafə əsaslı dərəcədə azalacaq.

Sonra Abid Şərifov Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilən irimiqyaslı layihələr barədə ətraflı məlumat verib.

Forumda digər ölkələrin rəsmi şəxsləri və nüfuzlu beynəlxalq maliyyə qurumlarının rəhbərləri çıxış ediblər.

Tədbir işini panel iclaslarla davam etdirib.

Oktyabrın 16-da davam edəcək Forum çərçivəsində keçiriləcək panel iclaslarda “Ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin və əməkdaşlığın inkişaf etdirilməsində İpək yolunun yeni imkanları”, “Nəqliyyat və infrastruktur: ölkələr arasındakı ticarət dövriyyəsinə dair yeni tələblər”, “İpək yolu boyunca ticarət dövriyyəsini gücləndirmək məqsədilə mövcud problemlərin həllində birgə əməkdaşlıq”, “İpək yolu və energetika: kəmərlər və sərhədsiz elektrik enerjisinin ticarəti” və “Gürcüstanın investisiya imkanları” mövzularında diskussiyalar aparılacaq.