YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

FAO-nun nümayəndəsi: Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi üçün böyük potensialı var

Oktyabrın 14-də Bakıda FAO-nun (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) texniki dəstəyi ilə reallaşan “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional potensialın gücləndirilməsi” layihəsi çərçivəsində seminar keçirilib.

Seminarda Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə, İqtisadiyyat və Sənaye nazirlikləri, Standartlaşma Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Aqrar Elm Mərkəzi və tədqiqat institutlarının nümayəndələri, eləcə də ekoloji təmiz kənd təsərrüfatı ilə məşğul olan şirkətlərin təmsilçiləri iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, seminarı Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru vəzifəsini icra edən Rəsul Balayev açaraq ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsində layihənin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, layihənin strateji məqsədi bitkiçilikdə istehsalın davamlı şəkildə intensivləşdirilməsi, pestisidlərin istifadəsindən yaranan risklərin azaldılması, qanunvericiliyin təkmilləşdirilməsi və təşkilati bacarıqların gücləndirilməsindən ibarətdir.

FAO-nun Azərbaycandakı nümayəndəsi Mustafa İmir layihənin əsas komponentləri və həyata keçiriləcək fəaliyyətlər barədə məlumat verərək, Azərbaycanda əlverişli təbii torpaq və iqlim şəraitinin, aqrar sektorda elmi-tədris institutlarının mövcudluğu və regionlarda təcrübəli fermerlərin fəaliyyət göstərməsi baxımından ölkədə ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsində böyük potensialın olduğunu vurğulayıb. O, Azərbaycanda orqanik kənd təsərrüfatının inkişaf və təşviq etdirilməsi üçün hüquqi bazanın gücləndirilməsinə, Orqanik Kənd Təsərrüfatı üzrə Milli Strateji Planın hazırlanmasına, orqanik məhsulların keyfiyyətinə nəzarət və sertifikatlaşdırma sisteminin yaradılmasına və təşviqinə, həmçinin bu sahədə maarifləndirmə və potensialın artırılmasına ehtiyacın olduğunu bildirib.

Seminarda Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatı sisteminin mövcud vəziyyəti, mövcud hüquqi baza və boşluqlar, institusional təşkilatlanmanın beynəlxalq tənzimlənməsi, ekoloji təmiz məhsulların sertifikatlaşmasına beynəlxalq zəmanət sistemi, yoxlama və sertifikatlaşma sisteminin əsas elementləri, Kənd Təsərrüfatı Nazirliyinin və ekoloji təmiz kənd təsərrüfatı məhsul istehsalına cəlb edilmiş digər dövlət qurumlarının rolu və məsuliyyəti, ekoloji təmiz kənd təsərrüfatını inkişaf etdirmək üçün Milli Strateji Plan mövzularında təqdimatlar keçirilib.

Yekun müzakirələrdə qənaətə gəlinib ki, ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi üçün ilk növbədə institusional təşkilatlanma, o cümlədən qeydiyyat, yoxlama və sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsinə ehtiyac var.