YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Latın Amerikası ölkələri ilə əlaqələrin genişləndirilməsində maraqlıdır

Azərbaycanın xarici siyasətində Latın Amerikası regionu mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Latın Amerikası ölkələri ilə siyasi və iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır. Bu ölkələr beynəlxalq arenada Azərbaycanın maraqlarını dəstəkləyirlər.

Bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev oktyabrın 12-də keçirdiyi mətbuat konfransında deyib.

H.Hacıyev qeyd edib ki, Azərbaycanla Latın Amerikası regionu arasında əlaqələr son beş ildə yüksək inkişaf dövrünə qədəm qoyub. Bu illər ərzində Azərbaycanın region ölkələrində və həmin ölkələrin Azərbaycanda diplomatik nümayəndəlikləri təsis edilib, çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib və ikitərəfli sazişlər imzalanıb. Belə ki, Azərbaycanın 2007-ci ildə Kubada, 2009-cu ildə Meksikada, 2010-cu ildə Argentinada, 2013-cü ildə Braziliyada səfirlikləri, 2014-cü ildə Kolumbiyada, Uruqvayda, Çilidə, 2015-ci ildə isə Peruda diplomatik ofisləri təsis olunub. Azərbaycanda 2008-ci ildə Kuba, 2010-cu ildə Braziliya, 2012-ci ildə Argentina, 2014-cü ildə Meksika və Kolumbiyanın səfirlikləri fəaliyyətə başlayıb.

Bildirilib ki, Argentina, Uruqvay, Çili, Paraqvay, Meksika, Kolumbiya, Braziliya, Peru və Kuba parlamentlərində Azərbaycanla parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir. Azərbaycan Milli Məclisində Argentina, Uruqvay, Meksika, Braziliya, Çili, Kolumbiya, Kuba, Peru ilə parlamentlərarası işçi qrupları fəaliyyət göstərir. Ötən beş il ərzində qeyd olunan ölkələr ilə parlament nümayəndə heyətlərinin çoxsaylı qarşılıqlı səfərləri həyata keçirilib. Parlament sədrləri səviyyəsində Uruqvay Baş Assambleyasının Deputatlar Palatasının sədri Xerman Kardoso 2013-cü ilin mayında Azərbaycanda səfərdə olub.

Azərbaycanla Latın Amerikası regionu ölkələri arasında siyasi, iqtisadi, mədəni, ticari, elmi-akademik və digər sahələr üzrə ümumilikdə 60-a yaxın müqavilə və saziş imzalanıb.

Ticari-iqtisadi əməkdaşlıqdan danışan mətbuat xidmətinin rəhbəri xatırladıb ki, Azərbaycanla Latın Amerikası ölkələri arasındakı qarşılıqlı ticarət dövriyyəsi 2014-cü il ərzində 300 milyon ABŞ dolları təşkil edib.

H.Hacıyev vurğulayıb ki, regionda ölkəmizin ən böyük ticarət tərəfdaşı Braziliyadır. Braziliyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi birmənalıdır - bu ölkə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həll edilməsinin tərəfdarıdır.

Diqqətə çatdırılıb ki, Latın Amerikası ölkələri, xüsusilə də Meksika, Honduras, Peru, Kolumbiya və digərləri qanunvericilik orqanları səviyyəsində Xocalı soyqırımı üzrə qətnamə qəbul ediblər. 2011-2012-ci illərdə Uruqvayın erməni diasporu Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində yaradılmış separatçı regionun tanınması üzrə iş aparmağa cəhd edib. Bu məqsədlə Uruqvay parlamentinin nümayəndə heyətinin Dağlıq Qarabağa səfəri təşkil edilmişdi. Uruqvay xarici işlər nazirinin işğal edilmiş Dağlıq Qarabağ ərazisinə səfərini təşkil etməyə cəhdlər də olmuşdu. Lakin Azərbaycanın balanslı və düşünülmüş siyasəti sayəsində erməni lobbisinin bu antiazərbaycan fəaliyyətini dayandırmaq mümkün oldu. Sonra xarici işlər nazirinin müavini ölkəmizə səfəri zamanı bəyan etdi ki, Uruqvay Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır, eləcə də bir ölkənin ərazisinin digəri tərəfindən işğalını yolverilməz hesab edir.