YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samir Şərifov: Dünya iqtisadiyyatındakı qeyri-münbit şəraitə baxmayaraq, ölkəmizdə qeyri-neft sektoru üzrə gəlirlər artacaq

«Neftin qiymətinin aşağı olması təkcə neft ixrac edən ölkələrə deyil, həm də neft istehlak edən ölkələrin iqtisadiyyatına mənfi təsir edir». Bu fikri maliyyə naziri Samir Şərifov deyib.

S.Şərifov bildirib ki, dünya miqyasında gedən proseslər səbəbindən artıq 3-cü dəfə cari ilin makroiqtisadi proqnozlarına yenidən baxılıb. Onun sözlərinə görə, sosial iqtisadi inkişaf proqnozlarının ÜDM artımının əvvəlki proqnozundan 1,1 faiz az, yəni 3,3 faiz olacağı gözlənilir. Cari ilin sonuna neft sektorunda 0,6 faiz, qeyri-neft sektorunda 5,9 faiz artım proqnozlaşdırılır.

«Dünyadakı əlverişsiz iqtisadi şərait nəzərə alınaraq alternativ büdcə variantları hazırlanıb. Növbəti il üçün  həm pessimist, həm də optimist variantlar mövcuddur. Bunun üçün də alternativ büdcə sistemi hazırlanıb. Nəzərə almaq lazımdır ki, Azərbaycanın dövlət büdcəsi əsasən neftdən gələn gəlirdən asılıdır. Əgər neftin qiyməti 40 dollar və ondan aşağı olarsa, yaxud, 60 dollar və yuxarı olarsa, ona uyğun büdcə sistemi işə düşəcək. Hələ ki, növbəti il üçün hazırlanan büdcədə neftin qiymətinin 1 bareli 50 dollar olaraq götürülmüşdür. Alternativ büdcə sisteminin hazırlanması ölkəmizə dünya iqtisadiyyatında baş verəcək hər hansı proseslərə çevik reaksiya verməyə imkan yaradacaq»- nazir vurğulayıb.

2016-cı ilin dövlət büdcəsinin əsas xüsusiyyətlərindən danışan maliyyə naziri qeyd edib ki, dünya iqtisadiyyatındakı qeyri-münbit şəraitə baxmayaraq, qeyri-neft sektoru üzrə gəlirlər artacaq.