YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Dini və milli tolerantlıq - millətlərarası münasibətlərin inkişaf etdirilməsində medianın rolu” mövzusunda Beynəlxalq Forum keçirilir

Sentyabrın 16-da Bakıda Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Dini və milli tolerantlıq - millətlərarası münasibətlərin inkişaf etdirilməsində medianın rolu” mövzusunda Beynəlxalq Forum öz işinə başlayıb.

Forum dünyanın müxtəlif ölkələrindən dəvət olunan qonaqları, jurnalistləri və ekspertləri Azərbaycandakı tolerantlıq ənənələri ilə daha yaxından tanış etmək məqsədi ilə təşkil olunub.

Forumu açan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev belə tədbirlərin keçirilməsinin sülhün, tolerantlığın, azad, bərabər və birgə yaşayışın, milli münaqişələrin həllinin vacibliyinin dünyaya çatdırılması baxımından çox önəmli olduğunu dedi. Bildirdi ki, bu gün sadə insanların milli, dini heysiyyatı, azad və sülh şəraitində yaşamaq kimi təbii hüquqları dünyanın müxtəlif güc mərkəzlərinin nəzarətində olan media qurumlarının əsas hədəfinə çevrilib. Millətlərarası dialoq, dini tolerantlıq, multikulturalizm məsələləri heç zaman bugünkü kimi aktual olmayıb. Məlumdur ki, medianın cəmiyyətimizə təsiri güclüdür. Media bizim fikirlərimizin və davranışlarımızın aynasıdır. Medianın bəzən cəmiyyətdəki ziddiyyətlərin kəskinləşdirməsinə, münaqişələri qızışdırmasına baxmayaraq, onun mövcud problemlərin həll edilməsi üçün töhfə vermək potensialı da çoxdur.

BAMF-ın sədri bildirib ki, təkcə Azərbaycan üçün deyil, bütöv dünyamız üçün zəruri olan bu məsələlərin müzakirə ediləcəyi

forumun əsas məqsədi medianın bu istiqamətdə rolunu dəyərləndirmək, sülhün, tolerantlığın, multikulturalizmin açar elementlerini aydınlaşdırmaq və təşviq etməklə yanaşı, Azərbaycanın tolerantlıq modelinə, tarixi-mədəni irsinə nəzər salmaq, mümkün təcrübələri paylaşmaqdır.

Forumda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclis sədrinin müavini Bahar Muradova və digərləri çıxış ediblər.

Tədbirdə “Qloballaşma dövründə tolerantlıq. Mədəni müxtəlifliyi olan cəmiyyətlərdə dini və qeyri-dini inanclara tolerant yanaşmada medianın rolu”, “Multikulturalizmin, dinlərarası dialoqun, tolerant mühitin vacibliyi və bu proseslərdə Azərbaycan modeli”, “Ayrı-seçkilik, dözülməzlik və zorakılığın bütün formaları ilə mübarizədə dini və qeyri-dini inancların töhfəsi” mövzularında müzakirələr aparılacaq.

Forum iştirakçılarının Quba, Qəbələ, Şəki və Qax bölgələrinə səfərlərinin təşkili nəzərdə tutulub.