YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-da keçirilmiş Forumda enerji təhlükəsizliyinin təminində Azərbaycanın strateji əhəmiyyətindən danışılmışdır

ABŞ-ın Corciya ştatının paytaxtı Atlanta şəhərində Corciya Texnologiya İnstitutunun təşəbbüsü ilə “Təbii qazın dəyişən landşaftı” mövzusunda genişmiqyaslı siyasi Forum keçirilmişdir. Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilmişdir.

Forumda ABŞ-ın enerji naziri Ernest Moniz, Corciya ştatını 24 il Senatda təmsil etmiş Sam Nan, Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Elin Süleymanov, enerji sektorunda fəaliyyət göstərən nüfuzlu şirkətlərin rəhbərləri, aparıcı analitiklər iştirak etmişlər.

Forumda çıxış edən enerji naziri E.Moniz ABŞ hökumətinin ölkədaxili və beynəlxalq aləmdəki enerji strategiyasından, gündəmdə olan layihələrdən bəhs etmişdir. E.Moniz ABŞ-ın müttəfiqlərinin enerji təhlükəsizliyinin təmininin ölkəsinin milli təhlükəsizlik məsələsi olduğunu, Birləşmiş Ştatların Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin təminində Xəzər dənizinin karbohidrogen ehtiyatlarının, xüsusilə təbii qazının nəqli yollarının şaxələndirilməsinin vacibliyini vurğulamış, bu məqsədə xidmət edən layihələrin ABŞ hökuməti tərəfindən dəstəkləndiyini bildirmişdir.

Forumun “Yeni qaz erası astanasında: tendensiyalar, problemlər və imkanlar” adlı panelində “Trans-Avropa və Avrasiya regionunda enerji təhlükəsizliyinin dəyişən mənzərəsi” mövzusunda çıxış edən səfir E.Süleymanov enerji bazarında etibarlı tərəfdaş imicini qazanmış Azərbaycanın enerji diplomatiyası haqqında qısa məlumat vermişdir.

Alternativ enerji mənbələri və yollarının enerji təhlükəsizliyinin təminində rolundan danışan diplomat Avropanın geosiyasi mənzərəsini dəyişən layihə kimi xarakterizə olunan “Cənub” dəhlizi layihəsini qeyd etmişdir. Səfir hazırda Avropa bazarına yeganə yeni təbii qaz axınının məhz Azərbaycandan nəql edildiyini bildirmişdir.

Paneldə Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Enerji və Milli Təhlükəsizlik Proqramının direktoru Sarah Ladislav “Dəyişən qlobal və milli landşaft: Ümumi baxış” mövzusunda çıxış etmişdir.

Atlanta şəhərinə səfəri çərçivəsində E.Süleymanov 1885-ci ildə əsası qoyulmuş və ABŞ-ın aparıcı araşdırma mərkəzlərindən biri olan Corciya Texnologiya İnstitutu nəzdində beynəlxalq münasibətlər üzrə Sam Nan Mərkəzində Azərbaycanın enerji diplomatiyası barədə çıxış etmişdir.