YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İstanbulda “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi və TANAP layihəsindəki pay bölgülərində dəyişikliklər edilməsi ilə bağlı sənədlər imzalanmışdır

Mayın 30-da İstanbulda “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsinə və TANAP layihəsindəki pay bölgülərində dəyişikliklər edilməsi ilə bağlı sənədlərin imzalanması mərasimi keçirilmişdir.

İmzalanma mərasimindən əvvəl ümummilli lider Heydər Əliyevin böyük fəlsəfi dəyər daşıyan “Bir millət, iki dövlət” kəlamı ilə başlanan, Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin mahiyyətini əks etdirən sənədli film nümayiş etdirilmişdir.

İstanbulun “Shangri - La Bosphorus” otelində keçirilmiş mərasimində çıxış edən Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətlərinin ortaya çıxardığı əlaqələrin yaratdığı qarşılıqlı faydalı məsələlərin tarixi əhəmiyyətindən danışmışdır. “Şahdəniz” qaz-kondensat yatağının istismarı və TANAP layihəsi ilə bağlı Prezident İlham Əliyevin iştirakı ilə imzalanmış müqavilələrin və bu layihələr çərçivəsində ortaya çıxan digər hüquqi sənədlərin ölkələrimizin iqtisadi həyatına göstərdiyi təsirdən, bu layihələrin Avropada enerji təhlükəsizliyinin təmin olunmasındakı rolundan və s. məqamlardan bəhs edən Türkiyənin Baş naziri bildirmişdir ki, həyata keçirilən beynəlxalq layihələr Azərbaycan ilə Türkiyə arasında qarşılıqlı sərmayə qoyuluşu üçün böyük imkanlar yaratdığı kimi, Avropa və Türkiyə arasında da mövcud əlaqələrin daha da sıxlaşmasına öz töhfəsini verməkdədir. Türkiyənin bu layihələrdəki payının artırılması Azərbaycan tərəfinin qardaşlıq münasibətinin təzahürüdür.

Ümummilli lider Heydər Əliyev tərəfindən möhkəm təməl üzərində qoyulan enerji siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsinin tarixi əhəmiyyəti barədə fikirlərini çatdıran Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev dövlətimizin başçısının səmimi salamlarını mərasim iştirakçılarına çatdırmışdır. N.Əliyev bildirmişdir ki, “Şahdəniz” qaz-kondensat yatağının işlənməsində, TANAP və TAP layihələrində Türkiyənin payının artırılması Azərbaycanın maraqlarına tam uyğundur.

Xəzər dənizinin Azərbaycan sektorunda karbohidrogen ehtiyatların istismarı və nəqli sahəsində gerçəkləşən iqtisadi layihələrin ortaya çıxardığı və proqnozlaşdırılan digər yeni layihələr barədə fikir və mülahizələrini bölüşən Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız qeyd etmişdir ki, Azərbaycanın uzaqgörən neft strategiyası qardaş ölkələrimiz üçün tarixi əhəmiyyət daşıyan digər iqtisadi layihələrin də reallaşmasının əsasını qoymuşdur.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev qeyd etmişdir ki, həyata keçirilən irimiqyaslı layihələr ölkələrimiz arasındakı işbirliyini daha da genişləndirəcək və bundan sonra da yeni-yeni layihələrin əsasını qoyacaqdır. Azərbaycanın neft strategiyasından yaranan regional əhəmiyyətli bütün iqtisadi layihələrdə Azərbaycan və Türkiyənin mövcud paylarının artırılması ölkələrimizin və xalqlarımızın maraqlarını təmin edir, dövlətlərimizin iqtisadi qüdrətinin yüksəlişinə təkan göstərir.

“Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi və TANAP layihəsindəki pay bölgülərinin dəyişməsini nəzərdə tutan yeni müqavilənin əhəmiyyətindən danışan natiqlər bildirmişlər ki, Azərbaycan və Türkiyə Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatların işlənilməsi və nəqlinə dair məsələlərin həllində həmişə bir-birilərinin maraqlarını müdafiə etmişlər. Qeyd olunmuşdur ki, 1994-cü ildə imzalanmış “Əsrin kontraktı” və onun ardınca həyata keçirilən digər beynəlxalq iqtisadi layihələr Azərbaycanda və Türkiyədə alternativ enerji mənbələrindən istifadə olunması, iqtisadiyyatın digər sahələri üçün təsisatların formalaşması, daimi iş yerlərinin yaradılması əhalinin rifahının yüksəlməsini təmin etmiş, dövlətlərimizin qüdrətini artırmış, gələcəkdə daha böyük iqtisadi layihələrin ortaya çıxması və reallaşması üçün möhkəm bünövrə yaratmışdır.

N.Əliyev, T.Yıldız və R. Abdullayev keçirdikləri brifinqdə imzalanan sənədlərin mahiyyəti barədə məlumat vermişlər. Bildirilmişdir ki, imzalanan sənədlər Türkiyənin BOTAŞ şirkətinin TANAP-dakı payını 20 faizdən artıraraq 30 faizə çatdıracaq, Türkiyənin TRAO şirkətinin “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi TANAP və TAP layihələrindəki payını 9 faizdən 19 faizə yüksəldəcəkdir.

Mərasimdə hüquqi təsdiqini tapan dörd sənəd Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev, BOTOŞ-un baş direktoru Mehmet Konuk və TRAO-nun baş direktoru Besim Şişman tərəfindən imzalanmışdır.