YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Qadınlar Qolunun 3-cü iclasının iştirakçılarını qəbul edib

Sentyabrın 3-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-icra katibi Əli Əhmədov Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Qadınlar Qolunun 3-cü iclasının iştirakçılarını qəbul edib.

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolunun 3-cü iclasının önəmindən danışan Əli Əhmədov tədbirdə bir sıra əhəmiyyətli məsələlərin müzakirə edildiyini vurğulayıb. Baş nazirin müavini əminliklə qeyd edib ki, iclasda qəbul edilən qərarlar üzv ölkələrin hər birində öz müsbət təsirini göstərəcək. İclasın nəticələri gələcək fəaliyyəti üçün əsas olacaq.

Qadın problemlərinin hər zaman dünyada diqqət mərkəzində olduğunu vurğulayan Baş nazirin müavini Əli Əhmədov deyib ki, Asiya qitəsi, Şərq ölkələri bu məsələyə xüsusi həssaslıqla yanaşırlar. YAP sədrinin müavini-icra katibi İCAPP-ın bu məsələyə bu cür diqqət göstərməsinin də sevindirici hal olduğunu qeyd edib.

Müsəlman Şərqində ilk dəfə Azərbaycanda qadınlara seçki hüququnun verildiyini bildirən Əli Əhmədov vurğulayıb ki, ona görə də İCAPP-ın bu həssas mövzuda tədbirinin Bakıda keçirilməsi heç də təsadüfi deyildir. Baş nazirin müavini ölkəmizdə qadın problemlərinin həlli istiqamətində görülən işlər barədə də qonaqlara məlumat verib.

“Bakı artıq İCAPP-ın tədbirlərinin keçirildiyi mərkəzə çevrilib”,- deyən İCAPP daimi komitəsinin həmsədri və qurumun baş katibi Çunq Eui-yonq təşkilata verdiyi dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirib.

Bakı iclasının bir çox önəmli məsələlərin müzakirəsi üçün əlverişli imkan yaratdığını söyləyən baş katib İCAPP-ın Qadınlar Qolunun fəaliyyəti barədə ətraflı məlumat verib.

Türkiyənin Ədalət və İnkişaf Partiyası Qadın Qolunun sədr müavini Məryəm Göka, Nepal parlamentinin üzvü Sucata Koirala və başqaları ölkəmizdə gedən inkişaf prosesinin şahidi olduqlarını, bunun onlarda xoş təəssürat yaradığını, paytaxt Bakının möhtəşəmliyinə heyran qaldıqlarını vurğulayıblar.