YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavə və dəyişikliklər edilib

Bu gün Milli Məclisin iclasında “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavə və dəyişikliklər müzakirə müzakirə edilib. Qanun layihəsi barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

 Komitə sədri bildirib ki, qanunun 10-cu maddəsinə əlavə olunacaq ikinci hissədə bildirilir ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı 1 ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 Qanunun 12-ci maddəsinin adı və məzmunu dəyişdirilib. Maddənin hazırkı variantına görə, vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində doğulmuş uşağı Azərbaycan Respublikasının vətəndaşıdır. Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşı sayılmır. Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyninin vətəndaşlığı olmayan uşaq Azərbaycan Respublikasının vətəndaşıdır.

 Eyni zamanda qanunun 18-ci maddəsinin (Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi) mətni dəyişdirilir. Beləliklə, “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi, Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi, Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı, Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi üçün əsas hesab edilə bilər.

 Ə. Hüseynli qanun layihəsinin komitədə diskussiyalara səbəb olduğunu bildirib: “Əminəm ki, Azərbaycan hüdudlarından kənarda olan vətəndaşlarımız bundan sonra vətəndaşlıq məsələsində Azərbaycan hakimiyyət orqanların xəbərdar edəcəklər. Bu insanlarımızın həmin ölkələrdə bizneslə, diaspor fəaliyyəti ilə məşğul olması təqdirediləndir. Məqsəd yalnız həmin ölkənin vətəndaşlığını qəbul edərkən bu barədə Azərbaycan hakimiyyət orqanlarını məlumatlandırmaları sahəsində məsuliyyəti artırmaqdır”.

Müzakirələrdən sonra sənəd qəbul olunub.