YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb

Avqustun 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Antalyada keçirilən Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli toplantısı çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli və çoxtərəfli əlaqələrə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Terrorizmin bütün forma və təzahürləri, o cümlədən son günlər Türkiyədə törədilən terror aktları qəti şəkildə pislənilib. Terrorizmin qurbanı olan şəhidlərin ailələrinə başsağlığı ifadə olunub.

Regional əməkdaşlığın inkişafına, iqtisadi-ticarət əlaqələrinin və mal dövriyyəsinin artmasına xidmət edəcək Bakı-Tbilisi-Qars dəmiryol xəttinin tezliklə fəaliyyətə başlayacağından məmnunluq ifadə olunub.

Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrinin ardınca TAP və TANAP qaz layihələrinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacağı və regionun enerji mənzərəsini dəyişəcəyi diqqətə çatdırılıb.

Bu günlərdə Azərbaycan və Türkiyə silahlı qüvvələrinin iştirakı ilə Azərbaycanda keçirilən təlimin və ümumiyyətlə, qardaş ölkələr arasında hərbi sahədə əməkdaşlığın əməliyyat imkanlarının artırılmasına, regional sülh və təhlükəsizliyin möhkəmlənməsinə xidmət etdiyi qeyd olunub.

Ermənistan-Azərbaycan münaqişəsinin Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə həll edilməməsinin Cənubi Qafqaz regionunda sülh və təhlükəsizlik üçün başlıca maneə olduğu vurğulanıb.

Üçtərəfli formatda Azərbaycan, Türkiyə və Türkmənistanın iştirakı ilə davamlı əsasda keçirilən bu görüşlərin əhəmiyyəti xüsusi qeyd olunub. Bu formatda toplantıların üç ölkə arasında siyasi, iqtisadi, ticarət, humanitar, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd edilib.

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparılıb.